Görüşməyəydik…
Bizi birləşdirən sevgi öyündü,
Birdən məhəbbətin havası döndü,
Bir zaman alışan eşqimiz söndü,
Belə görüşdənsə görüşməyəydik.
Sənin həsrətindən dünyam daraldı,
Arzular, ümidlər yarıda qaldi,
Fələk məni səndən qoparıb aldı,
Belə görüşdənsə görüşməyəydik.
İndi hər şey mənə artıq yalandı,
Ömrümə başqa bir ömür calandı,
Pozduq verdiyimiz peymanı, andı,
Belə görüşdənsə görüşməyəydik.
30.09.2014
Əsmanur
Gözəl qızım, Əsmanur,
Qəm, kədərdən uzaq dur.
Sevinc sənə yar olsun,
Üzün gülsün, Əsmanur.
Baharımsan, yazımsan,
Həm işvəm, həm nazımsan,
Sən Tanrıdan hədiyyəm,
Baldan şirin qızımsan.
30.04.2014
Ana
Ana can, nəfəsim, canımsan mənim,
Damarımda axan qanımsan mənim,
Ömrümün bəzəyi, başımın tacı,
Fəxrimsən, şöhrətim, şanımsan mənim.
Nədir gözlərində bu qəm, bu kədər?
Göründün gözümə bu gün birtəhər…
Mənə həyat verən mehriban anam,
Sevmədim heç kəsi mən sənin qədər.
Ay üzlü bənizin heç vaxt solmasın,
O qəmli gözlərin yaşla dolmasın,
Ömrümdə ən böyük dayağım sənsən,
Bir günüm, bir ilim sənsiz olmasın!
20.08.2014