e

* * *

Özümdən baş alıb gedib,
De,necə çağırım,gəlsin?
Gözlərim səndə uyuyur,
Ruhum da səndə dincəlsin.

Səndə yuyunur gözlərim,
Gözümü yoluna sərim.
Üzümü qoluna sərim,
Nəfəsim ruhunda gəzsin.

Ruhlar ilantək sarılsın,
Həsrətin bağrı yarılsın.
Səhərlər belə açılsın,
Gecəmiz beləcə bitsin.

* * *

Ta Adəmdən çıxıb yola,
Sabahına dönük üzü.
Sübhü açır günahlarla,
Ad-ad çökür adam sözü.

Pərdə edib cəhaləti,
Ürküdür bu ad adamı.
Adam yeyir adam əti,
Adam vurur ada damı.

İnsanlıqdan çıxır bəşər,
İblislərə gərək qalmır.
Ayaq açıb gəzən bu şər,
Məhəbbətdən ilham almır.

Harda insan,orda qan var,
Harda qan var orda ölüm.
Bədən-bədən satılanlar?
Günah yazır bölüm-bölüm.

İnsanlığı çəkdiz dara,
Başı sizin,leşi sizin.
Dünya,qardaş,gedir hara,
Nə vecizə,əşi,sizin?!