12091354_1653537131524991_3860076084131834097_o

Gəlib vətən torpağına nazlı bahar,
Dönür yurda durnalarım qatar-qatar.
Sevincindən ulduzlar da göydən baxar,
Bu sevinci özüm üçün ar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.

Geyinməyib ətəyinə güllü donu,
Yaz günəşi əzizləmir hələ onu.
Çovğunların, fırtınanın min oyunu…
Bülbülləri susqun, dinməz, xar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.

Quzğun kimi Qarabağda yad, yağılar,
Səmasında qara-qara buludlar var.
Vaqif, Zakir, Xurşidbanu çox intizar,
Çiçəyini həsrətli bir yar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.

Qəfəsdədir Cabbarımın, Xanın səsi,
Bülbülümün, Seyidimin, zənguləsi.
Qan ağlayır “Qarabağın şikəstəsi”,
Susan qaval, susan kaman, tar görürəm,
Mən Şuşanın dağlarında qar görürəm.

Döyüşümüz, vurşumuz haqqdır bizim,
Komandandan əmr gözlər oğlum, qızım.
Zülfüqardır, qoç Fəridim, Mübarizim,
Qarabağın xilasını var görürəm.
Mən Şuşanın dağlarında qar görürəm.