Əvvəllər nənəm deyərdi ki, kişilik at belində tüfəng oynatmaqla, göstərilən qəhrəmanlıqlarla, hər yerdə qazanılan hörmətlə ölçülərdi.
Hətta sadə kənd uşaqları var imiş ki, bəy balaları onların kişiliyini nümunə gətirirmiş. O zamanlar sonsuz sözünü yalnız uşaqsızlara deyirlərmiş. Hətta sonsuz – uşaqsız adamların qəlblərinə dəymirdilər ki, tək adamdı nə edərsə etsin fikir verməyin. Hə, bir də evdə qalmış qızlar var idi ki, səksən yaşa çatdıqlarına baxmayaraq hər gecə AĞ GƏLİNLİK xəyalı ilə yatırlarmış…Zaman keçdi, nənəmin dünyasında yaşayanların yarısı öldü, yarısı qocaldı. Onlar aradan çıxan kimi dünyanın içində başqa bir dünya yarandı. Indi at belinə qəhrəmanlıq göstərənlərə kişi demirlər. Indi məzlumun kürəyində at oynadanlara kişi deyirlər. Və ən əsası da budur ki, bunların dünyalarında yaşayan qadınları ya xəyanət edir, ya da qucağı uşaqlı sonsuz qadına çevrilirlər. Bir maraqlı nüans da var ki, indiki dünyada evdə qalmış qızların yerini boşanmış cavan gəlinlər alıb. Elə bunların da çoxu qucağı uşaqlı sonsuzlardı. Çünki bunlar ərə gedib, yuva qurmaq istəyəndə qucaqlarındakı uşağı ya zibil qabına, ya məscidə, ya da ki, – bəzən bir az “ağıllı”ları isə Uşaq Evlərinə qoyub gedirlər. Beləcə də uşaqlı sonsuzların sayı evdə qalmış qızların sayını ötüb keçib. Insanlar böyüdükcə ümidlər kiçilib. Amma əvvəllər belə deyildi. Kiçik insanların böyük ümidləri var idi. Qaraçı uşaqları kimi standartlığa öyrəşmişik. Çünki onlar da bir məqsədlə yaşayır. Biz isə bir şey üçün yaşayırıq – ölməmək üçün hər gün ölümə bir addım gedirik. Böyüdükcə dərk edirik. Dərk etdikcə isə dünya əzilir gözümüzün önündə. Ən son da isə yaxşı nələrisə etməyə qərar verdiyimizdə bir də gözümüzü açırıq ki, hardasa qaranlıq, dar, soyuq bir yerdəyik. Bu yer o qədər kiçikdir ki, o yan bu yana çevrilə də bilmirik. Nənəmin dünyası çox fərqli idi. Hərdən nənəm deyərdi ki: “Ay bala, kişi tez öldü getdi. Qaldın altı yetimlə 28 yaşımda dul. Səhərlər bazara qatıq, süd, əkdiyim göy-göyərtini aparıb satırdım uşaqları dolandırırdım…Hər gün peçin (sobanın) hisini üzümə çəkirdim ki, yad kişilər üzümə baxmasın.” Indi isə belə şeylərə gülürlər…Nə isə qayıdım mətləbə ACİZ KİŞİNİN SONSUZ QADININA! Təsəvvür edin – kişilərin acizliyi hətta qadınların nəslini azaldır. Əsl qadınlar azalır, onların yerinə makina tipli qadın cildində olan məxluqlar gəlir. Bu “qadın”lar asanlıqla yalan danışır, asanlıqla xəyanət edir, asanlıqla bir neçə dəfə rəsmi və ya qeyri rəsmi ərə gedirlər. Bunların çoxunu ana olan zaman dünyaya bir İNSAN gətirdiklərinin fərqinə varmırlar. Ya onları da özləri kimi yetişdirir, ya da ora-bura atırlar…
Bu gün Uşaq evinə ziyarətə getmişdim. Belə bir qadın sifətli məxluqun dünyaya gətirdiyi yeddi yaşlı İNSAN heç vaxt üzünü görmədiyi “ana”sına məktub yazmışdı Məktubda deyilir:” Ana, mən səni çox istəyirəm. Nolar, həmişə gəlməsən də heç olmasa şənbə günləri məni apar. Mən səni görmək istəyirəm. Atamı da tanıyırsan? Tanıyırsansa ona da de ki, mən atamı da çox istəyirəm”. Bəli, görəsən həqiqətən də o qadın sifətli makina bu uşağın atasını tanıyır? Məncə tanımır. Bəli, baxın bu qadın sifətli makina “ana”nı cəhənnəmə daimi qeydiyyata saldırıb, sığortaladan da elə ACİZ KİŞİDİ.
Ya da ki, evinin xanımı olmağa çalışan, özünü hər addımda kişiyə daha çox sevdirməyə çalışan qadınlar? Bunların da içində sonsuz qadın varmı? Cavabı isə bəli var. Həm də bu qadınlar bayaqkı makina qadınlardan qat-qat çoxdu. Bu qadınların həm fiziki əməyindən, həm mənəvi dünyasından, həm analığından, həm də ki, cismindən sui istifadə edilir. Ən dəhşətlisi də budur ki, kənardan qazanılan əsəblərini də gətirib bu qadınların üstünə tökürlər. Lap Aygün adlı bir məhbus qadının yaşadıqları kimi. Aygün 18 yaşında ərə getmişdi. 19 yaşıda ana olmuşdu. Amma ACİZ KİŞİ olan əri başqa qadın sifətli makinalardan əl çəkə bilməmişdi. Hətta iş o yerə gəlmişdi ki, həmin makinaları Aygünün də yaşadığı evə gətirirmiş. Aygünü döyüb zirzəmiyə salırmış. Özləri isə onun gəlin gəldiyi yataq otağında dincəlirlərmiş. Bir gün isə Aygün son qərarını verdi. Zirzəminin qapısını bir təhər açıb, baltanı da götürüb ərini də, onunla dincələn iki qadın sifətli makinanı da parça-parça etmişdi. Sonra isə balasını anasına təhvil verib təslim olmuşdu. Ağır cinayətlər məhkəməsində Aygünə ömürlük həbs – qəti imkan tədbiri görülmüşdü. Bəli, Aygündə ACİZ KİŞİNİN SONSUZ QADINI olmuşdu. Mən ümumilikdə əxlaqsız qadın anlayışını qəbul etməkdənsə ACİZ KİŞİNİN SONSUZ QADINI anlayışını qəbul etmək istəyirəm. Çünki əsl kişinin qadını da elə əsl qadın olar…