ANA
Dünyada ən əziz nemətsən, ana!
Hər bir an diqqətə layiqsən, ana!
Dünyada dəyərli zinətsən, ana!
Sənsən şeir dünyam, sazım da, ana.
Sənsiz darıxıram yuxularımda,
Sənsən muradım da, arzum da, ana.
Laylalar deyirsən xəyallarımda,
Sənsən baharım da, yazım da, ana.
Günlərim, aylarım darıxdırıcı,
Darıxa-darıxa həm də sıxıcı,
Həsrətindən ruhum olub baxıcı,
Sənsən bəxtim, alın yazım da, ana.
QULLUĞUNDA HƏR AN DURUM
Sən şahzadə, mən bir qulun,
Qulluğunda hər an durum.
Pakdır sənin həyat yolun,
Qulluğunda hər an durum.
Bərbəzəyin, boy-buxunun,
Gözəlliyin, ətrin, qoxun,
Yatsan, şirin olsun yuxun,
Qulluğunda hər an durum.
Hər sözümə can demisən,
Canıma ilham vermisən,
Sadə olub sevilmisən,
Qulluğunda hər an durum.
Həbibinin sənin üçün
Qul olmağı şərəflidir.
Boynundakı zümrüd qaşı
Məndən sənə hədiyyədir.
AY VƏ ULDUZUN TOYU
Bir gecə bir Ulduz Aya vuruldu,
Həmin gecə Aya nəğmə qoşuldu,
Göydə toy-bayram havası duyuldu,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Əl-ələ verib səmada gəzdilər,
Ay və Ulduzun toyunu etdilər,
Günəşə də tez xəbər göndərdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Səma al-əlvan içrə bəzənmişdi,
Məclisə yaxın qohumlar gəlmişdi,
Sağdış da, solduş da məclisdə idi,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Məclisə Günəş tamada seçildi,
Günəş məclisi açıq elan etdi,
“Cənablar, bəylər, xoş gəlmisiz” – dedi.
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Qohumlar, yaxınlar yeyib-içdilər,
Ay və Ulduza sağlıqlar dedilər,
Günəşə də təşəkkürlər etdilər,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
Vağzalı ilə məclis başa çatdı,
Gənc ailə öz arzusuna çatdı,
Günəş də sonda məclisə nur saçdı,
Neçə illik arzu yerinə yetdi.
Bulud da onlara sevinc bəxş etdi.
MƏN NİYƏ SEVƏ BİLMİRƏM?
Tanrı mənə bu əzabı
Niyə verirsən, bilmirəm.
Görən nədir məndəki səhv
Mən niyə sevə bilmirəm?
Baxıb gəzən sevənlərə,
Alovlanan o gözlərə,
Sonda döyüb bu dizlərə,
Mən niyə sevə bilmirəm?
Məhəbbətim yanar bir daş,
Gözlərimdən axan sel, yaş,
Mən də sevə biləydim kaş…
Mən niyə sevə bilmirəm?
Ürəyimin sarı simi,
Yarama toxunan kimi,
Köks ötürüb, çəkib qəmi,
Mən niyə sevə bilmirəm?
Xəstə oldum saf eşq üçün,
Sonda qalmadı heç gücüm,
Dərd çəkməkdən yandı içim,
Mən niyə sevə bilmirəm?
Axtardığım gözəl yarım,
Sənsən ürəyimdə ağrım,
Həbibiyəm, yandı bağrım,
Mən niyə sevə bilmirəm?