sv

AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

****

Unutmuşdum…Bu görüşdə
Sevgini gətirmə, yaxşı?
Nolsun söylənirik dərddən,
Nə sən aşıq, nə mən baxşı…

İkimiz də uduzmuşuq…
Sən sevgini…Mən də səni…
Arsızmışıq…Huşsuzmuşuq…
Görüşə səslədim səni?

Ehh…Qırmızı şal gətir,
Tamamlansın bəzəyim də…
Özünə eynək al gətir…
Böyütsün məni gözündə…

***

Unutduğun bu çiçəyin ətrinə,
Sözlərinin zəhrini də qatmışam…
Ayrılığın yaman dəyib xətrimə,
Qırılmışam…Ümidimi atmışam…

Arzunu göndərib dağ bulağına,
Qəmbəri asmışam ürək yerindən…
Düşüb sənli ömrün qəm sorağına,
Dedim bir bayatı çəkək yerində…

Çağırın imdada Qaracaoğlanı,
Diriltsin sazıyla ümidlərimi…
Gəlsin bu taleyin oyun pozanı,
Gətirsin özüylə istədiyimi…

Yuxum

Hərdən yuxum sürgün olur,
Üz tutur sənin qoynuna.
Gah da qəfil yolu düşür,
“Səninlə mənim toyuma”.

Yeyir, içir, sağlıq deyir,
Utanmayıb oynayır da.
Hamını özütək bilir,
“Sən”li, “mən”li bu dünyada.

Eh…bezdirir çoxunu,
Arzumu gizləməliyəm.
İnsaf et, qaytar yuxumu,
Səhər işə getməliyəm.