rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

BAĞIŞLA MƏNİ

Bu dünyanın sevincindən,
sevgisindən
soyuyan könlüm,
Baş söykəyib bir ağının çiyninə
uyuyan könlüm,
Ovuda bilmədim, bilmədim səni,
Bağışla məni.
Dünyanı çiynində daşıyan ilham,
Dünyanın dərdinə aşiyan ilham,
Beləcə içində alış, yan, ilham,
Tanıda bilmədim, bilmədim səni,
Bağışla məni.
Həsrəti gözündə saralan sevgim,
Hicranın boynuna sarılan sevgim,
Bir naşı əlində xar olan sevgim,
Unuda bilmədim, bilmədim səni,
Bağışla məni.

GÖZƏLLİYİNİN HAVASINA OYNAYAN GÖZƏL

Gözəlliyinin havasına
oynayan gözəl,
Səninçün hələ ağ da
elə qara kimidi.
Qoşulub gözəlliyinə
gedirsən elə,
Barı bilirsənmi bu gedişlə
mənzilin hara kimidi?
Gözəlliyinin havasına
oynayan gözəl,
Oynayıb-oynayıb bu oyundan
bəzəndə vay.
Oynayıb-oynayıb
bir də görəcəksən ki,
əllərin qalıb dizində, vayyy!