rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

Ramiz Rövşənə

30 il bundan öncənin şeiri

Ramiz Rövşənə

1

Bu evin ən “mağmın”, “fağır”
Uşağına salam olsun.
Göy üzünün yeddi rəngli
Qurşağına salam olsun.

Salam sənə, ay işığı,
İşığından göndər görək.
Bu dünyanın tərs üzünü,
Uvandına döndər görək.

Salam sənə, alçaq qapı,
Salam sənə, uca qapı.
Bu dünyadan cavan olan,
Bu dünyadan qoca qapı.

Göy üzünün qərib-qərib
Buluduna salam olsun.
Sinəmizin cadar-cadar
Umuduna salam olsun.

Salam sənə, dırnağıyla
Boz sərçəyə qəbir qazan.
Atam oğlu, bu dünyada
Səbr qazan, səbr qazan.

2

Dəli könlüm bu sevdanı,
Atmır başından, başından.
Yasdıq, sənə salam olsun,
Gözüm yaşından, yaşından.

Olmuşa ağrımaq gecdi,
Ağrıyıb qarğımaq gecdi.
Gör necə ədayla keçdi,
Aman, qarşımdan, qarşımdan.

Bu dünyanın çox yerində,
Quru salamım keçmədi.
Su yeritdim saman altdan,
Suyum samanı keçmədi.
Dərd əlindən aman Allah,
Ürəyim deşmə-deşmədi.
Bu yandan da su içməyir,
Gözüm qaşımdan-qaşımdan.

3

Bu gün əllərim keflidi,
İtiriblər başlarını.
Haçandı silə bilmirlər,
Gözlərimin yaşlarını.

Nə etdi mənə dərd etdi,
Dərd nə etdi, hədər etdi,
Ay çıxdı nura qərq etdi,
Alnımın qırışlarını.

Yaram sümüyə işlədi,
Bildim ki, dünya heç nədi.
Baxdım, buluddan seçmədim
Anamın ağ saçlarını.

4

Sinəmdə ürəyim qırış,
Əynimdə köynəyim qırış.
Görəsən hər yan belədi,
Yoxsa ki, eynəyim qarış?

Mayıl oldum quru ada,
Dedim adlı olar adam,
Qürrələnib dosta, yada,
Özümü öyməyim qarış.

Alışdım hicran odunda,
Qalmadım kimsə yadında,
Ömrümün hicran adında,
Sağalmaz göynəyi qırış.

5

İlahi, göyüzü
üzümdən böyük,
Gözümdən yaş çıxır
gözümdən böyük.
Dizimə dəyən daş
dizimdən böyük,
Böyüt bir balaca
məni də, Allah!

Bir az da düzümü böyüt,
ilahi,
Yalanım düzümdən
böyük görünür.
Bir az da çiynimi böyüt,
ilahi,
Dərisi didilib,
sümük görünür.
Bir azca səsimi böyüt,
ilahi,
Minib bu dünyanın
qır atlarına,
Sevgi atlarına,
qan atlarına,
Qonub mələklərin
qanadlarına,
İqlimdən-iqlimə
adlaya bəlkə.
Bir azca səsimi böyüt,
ilahi,
İçimdə yurd salmış,
illər uzunu,
Dəli sükunəti
odlaya bəlkə.
Bir az da ömrümü böyüt,
ilahi,
Tükənir, tükənir
ömrüm deyəsən.
Bir az da ölümü böyüt, ilahi,
Yaman ucuzlaşıb
ölüm, deyəsən.