me

AĞDAMIN,ŞUŞANIN HƏSRƏTİNDƏYƏM

İtirib yurdumu,qərib diyarda
Ağdamın, Şuşanın həsrətindəyəm.
Ötür göz önündən Kötəl,Xaçında
Çay baxçamı,Qarqarımı gəzirəm,
Ağdamın, Şuşanın həsrətindəyəm.

Daşaltında şəhid ruhu nigaran,
Həsrətliyəm Cıdırdan,Topxanadan,
Ötsəydim Laçına böyük yarmadan.
Bəlkə boynu bükük Xarıbülbüləm,
Ağdamın, Şuşanın həsrətindəyəm.

Şahbulaq dağların duman bürüyüb,
Bənövşələr kol dibində bükülüb,
Qızılgül həsrətdən boynunu büküb.
Ay Ağdamım,darda qaldın deyirəm,
Ağdamın, Şuşanın həsrətindəyəm.

Malbəylini,Kosaları istərəm,
Bulaq üstən nanə,yarpız dərərəm,
Vaqifin büstünə mən baş əyərəm.
Mənim Şuşam,dərdim oldu deyərəm,
Ağdamın, Şuşanın həsrətindəyəm.

Sanki kəsilibdi iki qollarım,
Viranələr içrə olub dövranım,
Başım idi,üzülüb Qarabağım.
Bu hal ilə bir qəribəm,Mehriyəm,
Ağdamın, Şuşanın həsrətindəyəm.

Kiyev 06-06- 2015

VƏTƏN,QURBAN GETDİM YOLUNDA SƏNİN

(Əsirlikdə olan bir yerlimizin,
vətən deyə-deyə ermənilərin
bütün zülmünə dözən bir igid
qəhramanımızın şərəfinə itahv)

Mən şəhid olmadım,bir əsir oldum.
Vətən ,qurban getdim yolunda sənin.
Vəhşilər zülm etdi mənə,bilirsən.
Doğradılar dırnağımın sədəfin.
Vətən,qurban getdim yolunda sənin.

Suda saxladılar buzun içində.
Şırımlar açdılar mənim üzümdə.
Dırnağım qalmadı bilsən,əlimdə.
Qorudum vətənin yenə şərəfin.
Vətən,qurban getdim yolunda sənin.

Yaramın üstündən kəndir bağlayıb.
Yol boyu çəkdilər dığalar dartıb.
Gözümün altına siqaret basıb.
Hələ də yaşadır məni qüdrətin.
Vətən,qurban getdim yolunda sənin.

Dözürəm hər zülmə,vətən naminə.
Düşdüm vəhşilərin qəfil əlinə.
Yenə həsrətliyəm,ay vətən sənə.
Olsamda içində mən bu dəhşətin.
Vətən,qurban getdim yolunda sənin.

Mehri bu dərdləri oxudu,yazdı.
Bilin,həqiqətdi,demə xəyaldı.
Neçə igidlərim əsir qalıbdı.
Deyir bizə uzadaraq əllərin
Vətən,qurban getdim yolunda sənin.

Kiyev 25-10-2014 saat 05-45