Gəlmədin
Gəlişinə quzu qurban demişdim,
Quzularım qoç oldular, gəlmədin.
Yollar necə dayandılar üzümə,
Ürəyimlə öc oldular, gəlmədin.
Çəkdiklərim saçlarımda car oldu,
Payız ötdü, tufan gəldi, qar oldu,
Taleyimdə yox olanlar var oldu,
Var olanlar heç oldular, gəlmədin.
Nida qəddim sual oldu əzabdan,
Sual verib nə anladım cavabdan,
Ömür boyu şələ tutdum savabdan,
Savablarım suç oldular, gəlmədin.
Arzularım qəm odunda yaxıldı,
Son harayım, son nəfəsə yığıldı,
Ümidlərim pərən düşdü, dağıldı,
Heç bilmirəm necoldular, gəlmədin.
Boğazımda kəndir oldu illərim,
Səni deyib haray çəkdi dillərim,
Kəpənək tək mənə uçdu əllərin,
Yetişmədi, gec oldular, gəlmədin…
Pərim
Qanad çala-çala qondun çiynimə,
Yerin rahatdımı, necədi, pərim?
Soyun qanadını gir ürəyimə,
Sənə eşq yandırım, gecədi, pərim
Sevginlə sığal çək qayğılarıma,
Bal süzüb şəkər qat yuxularıma,
Düzül misra – misra duyğularıma,
Ürəyim incədən incədi, pərim.
Sənə qul olmaq tək bir diləyim var,
Sevinim, sən kimi bir mələyim var,
Demə ki, göylərdə öhdəliyim var,
Məhəbbət hər şeydən öncədi, pərim.
Sənsizlik içimi qırıb dağıdır,
Getmə, ürəyimin qərib çağıdır,
Ömür saatında qürub çağıdır,
Sevgi saatında neçədi , pərim?!