Hər birimiz fərd olaraq ictimayət nümayəndəsiyik. İctimayətdə cərəyan edən hadisələr bilavasitə bizim bacarıqlarımızdan və düşüncələrimizdən asılıdır. Cəmiyyətin formalaşması, sağlam gələcəyə zəmanət, sağlam düşüncə və sağlam şüurdan başlayır. Mən bir pedaqoq kimi, daima çalışmışam ki, bizim gələcəyimiz olan gənclərimizdə özünə inam hissi aşılayım. Bir müəllimin düzgün qurduğu təlim strategiyası gələcəkdə bir cəmiyyətin davamlı uğuruna zəmin yaradır. Eyni zamanda da bir müəllimin bilərəkdən və ya bilməyərəkdən düzgün qurmadığı təlim tərbiyə işləri bir cəmiyyəti uçruma apara bilər. Bu səbəbdən şagirdlər arasında özünə inam hissini qabartmalıyıq. Əslində müasir təlim olan Kurikulum sistemi də şəxsiyyət yetişdirmək dedikdə, hər bir məsələnin, problemin çözümünü tapa bilən vətəndaşlar yetişdirməkdən bəhs edir. Azərbaycan xalqı tarix boyu özünə inamlı, cəsarətli qəhrəman oğullar yetişdirmişdir. Qəhrəmanlarımız və Şəhidlərimiz şanlı tariximizin əsas səhifəsidir.
Bəs görəsən qəhrəman olmaq üçün necə olmaq lazımdır? Əslində qəhrəman olmaq üçün qeyri adi bir bacarıq tələb olunmaz. Qəhrəman olmaq üçün vətənini ürəkdən sevmək, əsil vətəndaş olmaq gərəkdir. Əsil vətəndaş: xalqına, dövlətinə və dövlətçiliyinə xidmət edən, həmçinin vətəni, namusu, tarixi torpaqları uğrunda canından keçməyə düşünmədən razı olanlardır. Lakin bu o, demək deyil ki, biz əsil vətəndaş olmaq üçün mütləq şəhid olmalıyıq. Biz vətəndaşlıq borclarımızın hər birini laiqincə yerinə yetirməli, lazım gələrsə vətən uğrunda canımızdan keçməliyik. Necə ki, əsil qəhrəmanlıq səlnaməsi olan, Azərbaycan və dünya tarixinə öz adını yazdıran Mübariz İbrahimov lazım gələndə Vətən sağ olsun deyib öz tarixi torpaqlarımızda şəhid oldu. Mübariz İbrahimov Qəhrəmanlığın yeni səhifəsini yazdı.
Müasir dövrün Koroğlusu, Nəbisi, Babəki idi Mübariz İbrahimov. O, 7 fevral 1988-ci il Biləsuvar rayonunun Əliabad kəndində doğulub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov böyük cəsarətlə, təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Qəhrəmanımız düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Bu faktları öyrəndikcə insanın ruhu göynəsə də qurur, iftixar hissindən, gözlərimiz dolur, ürəyimiz dağa dönür. Bu gün Mübariz İbrahimovun cəsarət məktəbinin minlərlə davamçıları vardır.
Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalamışdır. Mübariz İbrahimovun meyidi 6 noyabr 2010-cu ildə qarşı tərəfdən alınmışdır. 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasimində Azərbaycan prezidenti İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. Mübariz İbrahimov dövlətimiz üçün çox böyük sücayət göstərərək qəhrəmanlıq göstərmişdir. Qarşılığında isə Dövlətimiz də onun bu tarixi qəhrəmanlığını dəyərləndirmiş, onu 2010-cu ildə “İlin adamı” adına laiq görülmüşdür. M. İbrahimov cəsarəti ilə üçrəngli bayrağımızı Vətən göylərinə öz müqəddəs qanı ilə çəkmişdir. Bəlli olur ki, cəsarət-özünə inamdan, Vətən isə cəsarətdən başlayır.
Ziba Məmmədova
Ağsu rayon R.Hüseynov adına kəndoba kənd tam orta məktəbinin kimya-biologiya müəllimi