Ey zalım YOXSAN
Sən görüş yerini söylədin mənə,
Saçımın telini yandır gələrəm.
Darıxdım ay gülüm, darıxdım yenə,
Ey zalım, özümü yandırdım, yoxsan!
İlləri aylara caladıq o gün,
Elə bil fəsillər olubdu sürgün.
Əlimdə telinə baxaraq süzgün,
Ey zalım, özümü yandırdım, yoxsan!
Həsrət dənizində batan gəmi tək,
Aldı əllərimdən zamanı fələk.
Yandıra bilmədim telləri tək, tək,
Ey zalım, özümü yandırdım, yoxsan!
04.03.2016
QOYMARAM GÖZÜMDƏN UZAĞA SƏNİ
Ayırmağa gücü yetməz kimsənin,
Harda olsam sən mənimsən, mən sənin.
İz salmışam, izlərimlə gəl mənim,
Qoymaram gözümdən uzağa səni.
Mənə şahid olub tək bir Allahım,
Səni sevmək olub mənim günahım,
Gecələrin fəryadıdı bu ahım,
Qoymaram gözümdən uzağa səni.
Öpüm qara gözlərindən, qaşından,
Tənhalıq fikrini sən at başından,
Ürəyim sizlayar gözün yaşından,
Qoymaram gözümdən uzağa səni
Sənsizlik dərd olar, canımı alar,
Didərgin eyləyər, çöllərə salar,
Səni olmasan kədər mənimlə qalar,
Qoymaram gözümdən uzağa səni.