12584137_533420616825212_752487860_n

Xocalı

24 ildi ahın çəkilir,
Həsrətinə qərənfillər əkilir,
Anaların gözü yola dikilir.
Çəkilməyən göz dağımsan, Xocalı.

Daş heykəllər alıb sənin yerini,
Taladılar torpağını, elini.
Sındırdılar ataların belini,
Közü qalmış ocağımsan, Xocalı.

Qız-gəlinlər əsir düşdü o gecə,
İnsanları yandırdılar beləcə,
Bu əzaba ürək dözsün de, necə,
Dünən, bu gün, hər çağımsan, Xocalı.

Süngülərə keçirdilər çağanı,
İki bölüb kiçiltdilər çağanı,
Tikə-tikə incitdilər çağanı,
Yetim qalan uşağımsan, Xocalı.

26.02.2016

SINA, YAR MƏNİ

Hər daşın altında üzü sərt yatar,
Nə ahım yetişər, nə ünüm çatar,
Dünya gərdişini tərsinə qatar,
İmtahan eyləyib sınayar məni.

Sənsizliyi qabiq-qabıq soymuşam,
Könlümə adını yazıb oymuşam,
Gülüm, düşünmə ki, səndən doymuşam,
Sən də imtahan et, sına, yar məni.

Dilim acı olar, batar günaha,
Yaxşılıq azalar, çatar günaha,
Alıb səvabları qatar günaha,
İmtahan eyləyib sınayar məni.

Xəyalın köz olar, yaxar qəlbimi,
İncidər qəlbimi, sıxar qəlbimi,
Əgər inanmırsan, çıxar qəlbimi,
Sən də imtahan et, sına, yar məni.

01.03.2016