Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
BƏNÖVŞƏ
Bir çiçək var, yaz əzəli,
Alqış edən al günəşə.
Çiçəklərin ən gözəli,
Bənövşədir, o Bənövşə.
Bitcək qışın, qarın seli,
Məskən seçər doğma eli.
Ləçəkləri gəlin teli,
Bənövşədir, o Bənövşə.
Söz tapmıram , edəm tərif,
Kafa bənzər, deyil əlif.
Boynu bükük, incə, zərif,
Bənövşədir, o Bənövşə.
Gözəlliyi baş bəlası,
Dərərlər, qisas alası.
Duyulmayan ah- nalası,
Bənövşədir, o Bənövşə.
Çox bənzəyir talehimiz,
Sanki əkiz bacıyıq biz.
Dövran kimi lal, qədərsiz,
Bənövşədir, o Bənövşə.
MƏNI AXTARACAQSAN
Fələk səni yoranda,
Bəxtin üzə duranda.
Qəlbin yavaş vuranda,
Məni axtaracaqsan.
Al Günəşin sönəndə,
Çərxin tərsə dönəndə.
Durub qəbrim önündə,
Məni axtaracaqsan.
Əlin, qolun qöynunda,
Qara, matəm donunda.
Bitmiş yolun sonunda,
Məni axtaracaqsan.
Yaz Günəşi saçanda,
Lalə, nərgiz açanda.
Kəpənəklər uçanda,
Məni axtaracaqsan.
Hər təamda, töhfədə,
Hər açılan süfrədə.
Hər kitabda, səhifədə,
Məni axtaracaqsan.
Sənə arxa, həyanı,
Səni sevib, sayanı,
Sən, Rahilə Dövranı,
Məni axtaracaqsan…