____kil

“Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı yazarları” və “Ağsu şairləri” İctimai birliyinin üzvü

Yaz aylarında

Torpaq nəfəs alır ,küləklər gülür,
Yarpaq pıçıldayır, çiçəklər gülür.
Damarda qan coşur, ürəklər gülür
Doğur səmimiyyət yaz aylarında
Loğmandır təbiət yaz aylarında.

Məlhəmdir yağışı günəşi. Mehi
Dağda bar dumanın dan yeri şehi.
İnsan yaşadıqca duyur fərəhi.
Çəkilməz əziyyət yaz aylarında
Loğmandır təbiət yaz aylarında

Novruz

Hicri təqviminin yeni bir ili,
Bəşər tarixinin dəqiq təhlili.
Haqqa tapındırdı bir çox cahili.
Haqdan gələn nidadır, səsdir Novruz,
Anam təbiətə nəfəsdir Novruz.

Gül –çiçək qoxusu tutur çölləri,
Durnalar fəth edir mavi gölləri.
Gəlib sevindirir bizim elləri,
İnsanın ruhuna həvəsdir Novruz,
Anam təbiətə nəfəsdir Novruz.

Ağsu torpağı

Loğman çiçəkləri dağ yamacında,
Oylağıdır Kəkliyin, Turacın da.
Bura səfər edək ilin yazında,
Alaq bülbüllərdən bahar sorağı,
Cənnət məkanıdır Ağsu torpağı.

Girdiman hövzəsi lalə qatarı,
Hər yanı al əlvan çiçək hasarı.
Cavanşir gölünə salaq güzarı,
Seyr edək rayonu üzü aşağı,
Cənnət məkanıdır Ağsu torpağı.

Pıçıldayır Ağsu çayı mehriban,
Vadisindən səhər boylanır duman.
Seyrəngahı buludlara ucalan.
Dolayları istirahət ocağı,
Cənnət məkanıdır Ağsu torpağı