ÖMÜR
Ən uca budaqdan düşdü o yarpaq,
Onda təbiətin bahar çağıydı.
Bu qəfil gəlişdən diksindi torpaq,
Günəşin buluddan doğar çağıydı.
Üşəndim alnımda buz kimi tərdən,-
Ölüm yaranmışın sonuncu borcu.
Qaldırdım bu yarpaq “meydini” yerdən,
Yarpaq tabutuna döndü ovucum.
Gücümdən ağırmış ovcumdakı yük,
Çiynimin üstünə qalxmadı əlim.
Gördüm ki, qeyrəti özündən böyük,
Qara qarışqalar köməyə gəlib.
Yarpaq “ölüsü”nü ovcumdan alıb,
Apardı dəfn edə səhər yelləri.
Hələ ağırlığı çiyinlərimdə,
Hələ soyuqluğu ovcumda qalıb,
Əsir ürəyimdə qəhər yelləri.
ÇATAMMADIM
Mən piyada, ömür atlı,
Arzularım yel qanadlı,
Əzabı da toy-büsatlı,
O ilimə çatammadım.
Ürəyimin köz vaxtında,
Sevgi dolu söz vaxtında,
Ha yüyürdüm, öz vaxtında,
Öz fəslimə çatammadım.
Daş-kəsəyi qaya bildim,
Gölməçəni dərya bildim,
Hər ürəyi duya bildim,
Öz könlümə çatammadım.
Nə təzanə, nə sim oldum,
Sığal çəkən nəsim oldum,
Səbr oldum, dözüm oldum,
Mənzilimə çatammadım.