mm

(Oğlum Babəkə)

Mən sənə Babəkin adını verdim,
Bu ad Savalana, Kəpəzə taydır.
Dünəndən bu günə uzanan dərdim,
Babamdan oğluma mirasdır, paydır.

Bu adın taleyi doğmadır mənə,
Onun qeyrətini, odunu qoru.
Bürünmə bu adın isti kürkünə,
Qanında qaynasın kişi qüruru.

Tarixin dolanbac cığırlarıdan,
Keçibdir haqq kimi, ədalət kimi.
Mən sənə vermişəm bu xoşbəxtliyi,
Ulu nəslimizdən əmanət kimi.

Səhl Sumbatların gədələrindən,
Satqından, yaltaqdan qoru bu adı.
“Dostun” böhtanından, hədələrindən,
Riyadan, qılıqdan qoru bu adı.

Bu ad yaddaşındır, bəzəyin deyil,
İntiqm yaddaşın, qisas yaddaşın.
Bur vaxt Əlincədə çalınan təbil,
Döyüşə səsləyən kompas yaddaşın.

Qəfil xəyanətin yarası dərin,
Hələ də qövr edir canımda, oğul.
Yersizə yerini göstərən ərin,
Atəşi dolanır qanımda oğul.

Tər çiçək kimidir köhnə yurdumuz,
Hələ şirə çəkir bal arıları.
Bu təndir yurdumuz, təknə yurdumuz,
Doydurub nə qədər ac qarınları.

Yiyəsi yoxdursa qeyrətli, mətin,
Vətənin dərdləri yetim qalacaq.
Yatsa oğulları bir məmləkətin,
Xalqı isidəmməz nə od, nə ocaq.

Məslək səngərində, el keşiyində,
Gecəli-gündüzlü ayıq dur, ayıq.
Dədə-babaların yurd beşiyində,
Hələ nəsil-nəsil yaşamalıyıq.

Daşıdığın adın zəhmi, vüqarı,
Üstündə dağ yükü dayanır hələ.
Dalğalı-tufanlı ümmanlar yarıb,
Bu nəhəng gəmini çatdır sahilə.

Sənə borc verilib bu ad, bu şərəf,
Vətənə oğulluq borcunu qaytar.
Haqqı tapdalanmış Azərbaycanın,
Bütövlük adında tacını qaytar.