Əsir Göyçəm göyçəklərin göyçəyi,
Samur çayı köksümdəki göynəyim.
Köz-köz olub,Allah,içim göynəyir,
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!
Borçalıda qəribsəyən torpağam,
İrəvanda xal axtaran qonağam.
Zəngəzurda darda qalan sorağam,
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!
Xudafərin Arazda daş ağıdır,
Ağrı dağı ağrımızın dağıdır.
Yurd harayı bağrımızı dağıdır,
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!
Qarabağım dərdimizin təzəsi,
Bu qismətə ürək necə dözəsi?
Şəhid oldu yurdun neçə qazısı,
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!
Vətən dərdi çəkən qəlbdə qeyrətəm,
Xocalıda külə dönən qismətəm…
Anaların naləsində həsrətəm,
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!
Kimə qara,kimə bəyaz od daşam,
Qan ağlayan dərdəm-qanlı yaddaşam.
Yurduma yad ünsürlərə yad daşam
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!
Savalanım babaların dərd bəndi,
Bu milləti tora salıb şər bəndi.
Bir nisgilim Təbriz,biri Dərbənddir.
Qan yaddaşı,sözümə can,anam,can,
Canımda can,Azərbaycan,anam,can!
Azərbaycan.Quba.
03.04.2016