Yaxşının ömrünü yetirər sona,
Yol verməz çiyninə yamanlar qona.
Hiyləgər qarı tək girər min dona,
Gəzdirər özündə hər adı dünya.
Zəngini acgözdü, kasıbı toxdu,
Namərdə məlhəmdi, comərdə oxdu.
Canında bir qarış saf yeri yoxdu,
Hamısı düyündü, yaradı dünya.
Zərgərin əlindən alıbdır zəri,
Qatıra diz üstə çökdürüb nəri.
Koroğlu piyada gəzir hər yeri,
Bəxş edib Həmzəyə qıratı- dünya.
Analar gözləri qan-yaşla doldu,
Övlad həsrətindən yanağı soldu.
Ismətli gözəlin saçını yoldu,
Ifritin başını daradı dünya!
Hər işi tərsinə, bax, aş-ayaqdı,
Xeyirə zərbədi, şərə dayaqdı.
Kiminsə gözündə nurdu, mayakdı,
Təmkinəm , gözümdə qaradı dünya!!