rxd

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

Yenə coşdu, daşdı, bu dəli könlüm,
Götürdü özüynən məni dağlara.
Nə vaxt coşacağın, mən hardan bilim,
Özüm güzar salım, göy yaylaqlara.

Köhləndi fərəhdən qəlbimin tarı,
Ilhamım bələndi gülə, çiçəyə.
Dağa halay tutdu bulud qatarı,
Təbim qaş- göz etdi, şehli qönçəyə.

Sevinc savaş açdı kədərə, qəmə,
Qübarı əritdi bulaq nəğməsi.
Mizrab tumar çəkdi, hey sarı simə,
Qondu sətirlərə qəlbimin səsi.

Mehdən ləpələnən lalə dənizi,
Qərq edib yamacı, yalı al qana.
Qayalar, sal daşlar dağın kənizi,
Təzimdə dayanıb, səssiz yan- yana.

Otlardan boylanır kəklik fərəsi,
Dağın mehmanların təlasla süzür,
Hay salıb aləmə çayın nəğməsi,
Çöl qazı qoynunda ahəstə üzür.

Göl güzgü tutubdur, zümrüd meşəyə,
Yam-yaşıl ağaclar gölün təkində.
Ağsaçlı zirvə də, uyub nəşəyə,
Buludla qol- boyun, gəzir əksində.

Dövran səpdi dağa könül qayğısın,
Nuş etdi fərəhlə, dağ səfasından.
Ələdi yaylağa dərdin, ağrısın,
Yük tutdu qəlb dolu saf şəfasından.