mm

Halaldır üz-üzə vuruşan mərdə,
Namərdin pusqusu qorxudur məni.
Həmd olsun Allahın verdiyi dərdə,
Bəndənin basqısı qorxudur məni.

Çoxda gözüm yoxdur, aza dözərəm,
Belimə şəllənən duza dözürəm,
Hər türlü cəfaya, naza dözərəm,
Duyğusuz vasvası qorxudur məni.

Qayıdar özünə etdiyin qarğış,
Öz bahar ömrünə gətirmə qar-qış,
Sözü üzə deyən düşmənə alqış,
Dostların “mus-mus”u qorxudur məni.

Yenə kosa-kusa saqqal dəbərdir,
Sülənən nəfsini yala gəbərdir,
İçi kin-küdurət, əməli şərdir,
Gülümsər maskası qorxudur məni.