mm

Göz yaşı ürəkdən süzülər , axar,
Kiprikdən qopdusa , yanaqda durmaz.
Hər şeyin öz yeri , öz məqamı var,
Meyvə yetişdisə budaqda durmaz.

Fələk öz işində , – qan-qadasında,
Sevinc əsir qalıb qəm adasında,
Ağa günahından , qul xatasından,
Tanrı kərəmindən qıraqda durmaz.

Təndir soyuqdursa kündə neyləsin,
Mərd ,
namərd işlədən fəndə neyləsin,
Allah dağıdana bəndə neyləsin,
Özülü çürük ev dayaqda durmaz.

Hər ocaq başında isinməz ürək,
Üzü ağ eləyər halal duz-çörək,
Duyub anlamağa qəlb odu gərək,
Sevənlər bu oddan uzaqda durmaz.