Əvvəl-axır bildim, geci-tezi var,
Kim üzün çevirdi, kim mənə qaldı.
Çoxundan umsamda olmadı simsar,
Gözümü göynədən nəm mənə qaldı.
Saxladım imanı, qorudum dini,
Zərrə-zərrə yığdım topladım mini.
Ətrafdan aldığım sevgini, kini,
Həm əlimdən verdim, həm mənə qaldı.
Kimdi bal yerinə içən zəhəri,
Ah çəkdim, yerindən oynatdım yeri.
Gülsə də bir gözüm, ağladı biri,
İşə bax, hər işdə kəm mənə qaldı.
Polad, addım-addım çoxdur güdənim,
Cücərsin toxumum, göyərsin dənim.
Təpədən dırnağa eşqdir bədənim,
Bəs niyə axırda qəm mənə qaldı.
23.11.2015