Bu gecəni sükut yeyir,
Bu gecə-sənsiz bir gecə.
Sənli günü həsrət geyib,
Bu gecədən çətin keçəm.
Bu gecə neçə söz ölüb-
Dirilir,qatır başımı.
Bu gecə-göydən süzülən
Ulduz-ulduz göz yaşımı?!
Üzümdə ayın işığı,
Gözümdə dərd gecələyir.
Üzür məni tənhalığım,
Ürəyimi gecə yeyir.
Üşütməzdi qəm sevgimi,
Gəlməzdi həsrət qapıma.
Ulduzları təsbeh kimi
Düzsəydim sevda sapına.
Ulduzların misra-misra
Durulsam süd baxışında,
Nə dərdim olar,nə yaram-
Yuyulsam söz yağışında.
Gilə-gilə gilələnir,
Ulduzlar göyün üzündə.
Sanki göydən nur ələnib
Zülməti yuyur gözümdən.
Ay öpdükcə baxışımı,
Təskinləşir ürəyim də.
İçib ulduz yağışını,
Söz cücərir ürəyimdə.
Azərbaycan. Quba
24.07.2016