er

Yalın dizlərimi yerə vura-vura ona doğru irəlilədim. Qapının yanındakı stulda oturmuşdu. Əynində yumşaq yun parçadan açıq sarı rəngdə gözəl paltar var idi. Həyəcanla ayaqlarını qucaqlayıb üzümü dizlərinə yapışdırdım.
– Yaxşı, söhbəti dəyiş, indi ağlayacaq…
Bibimin sözləri indiki kimi qulaqlarımdadır. Anamın bundan bir neçə dəqiqə əvvəl dediklərini o dəqiqə anlamışdım: “Ölsəydim bunlara kim baxardı?”
Ölmək nədir bilmirdim. Nəyi bilirdim ki?! Hələ təzəcə ayaq açmışdım. O vaxt bir cücənin belə ölümünü görmədiyim halda bu sözü eşidən kimi qəlbimin dərinliyində çox güclü bir sarsıntı duydum. Mənə elə gəldi ki, göydən iri, güclü bir əl uzanacaq. Anam bu əlin ovcunda qalacaq. Sonra bu əl anamı göyün heç kimə məlum olmayan qaranlıq, qorxulu dərinliklərinə aparacaq və mən onu bir daha görməyəcəyəm.
Sinəmin altında sanki bir quş çırpınmağa başladı. Anam əlilə kürəyimi oxşayıb: – Yaxşı, yaxşı, ölməmişəm sağam, görmürsən? – dedi. Dodağım səyriyə-səyriyə soruşdum:
– Ölməzsən?
Anam: – Yox, yox, ölməyəcəyəm… – deyib başımı aldatdı. Ömrüm boyu bu qorxu ilə yaşadım. Bir gün o əl göydən uzanıb anamı ovcuna aldı. Çəkib göylərin qaranlıq dərinliklərinə apardı. Dizlərini qucaqladım, öpdüm:
– Bəs demişdin ölməyəcəksən?

23-06-2016