Cəzamı verməyə gətirdin, Allah,
Bu yazıq bəndəni bu şər dünyaya?
Yoxsa doğulmamış etdimi günah,
Götürüb tulladın bəşər dünyaya?
Daddırdın həyatı bal, nobat kimi,
Sonsuz arzu verdin amanat kimi,
Ömrünə, bəxtinə mükafat kimi,
Gətirdin qəlbində qəhər dünyaya,
Verdin ədaləti, səmimiyyəti,
İnsafı, mürvəti, gözəl niyyəti.
Fəqət əsirgədin səlahiyyəti,
Etdin bu yazığı yəhər dünyaya.
Başından əsgilmir qovğa, qalma-qal,
Zərbəni vurduqca vurdun dalba-dal,
Dərddən, ehtiyacdan tapdımı macal,
Verə sevincini nəmər dünyaya?
Ruhunu, cismini cəbrə bağladın,
Bütün ümidini səbrə bağladın,
Ömür örkənini qəbrə bağladın,
Keçdi doğanaqdan kədər dünyaya.