Fələk qoymayır neyləyim?

Dərd əlində qaldı yaxam,
Namərdə neynim, neyləyim.
Yıxıldım, istədim qalxam,
Fələk qoymayır neyləyim?

Qoymayır gözümü açam,
Dərddən baş götürüb qaçam,
Şad günə elə möhtacam,
Fələk qoymayır neyləyim?

Güllü yazım gəldi qara,
Rast gəldim borana, qara,
Həsrətəm o şux nigara,
Fələk qoymayır neyləyim?

İlahəyəm, sızlar sacam,
Qiymətli almazdan tacam.
Şad günə elə möhtacam,
Fələk qoymayır neyləyim?

Yorulmuşam, yollar uzun…

Nə olacaq, olsun-bitsin,
Cəzam nədir, çəkim getsin.
Günahlar gözümdən itsin,
Yorulmuşam, yollar uzun.

Istəmirəm qəmlər üzsün,
Mən çəkdirim, o da dözsün.
Inciyib dodağın büzsün,
Yorulmuşam, yollar uzun.

Çeşmə axır gözlərimdən,
Daş asılıb sözlərimdən,
Taqət gedib dizlərimdən,
Yorulmuşam, yollar uzun.

Qarşı dağın dumanı bol,
Yürüdükcə uzanır yol,
Dərilmədin vədəsiz sol,
Yorulmuşam, yollar uzun.

Mən unutdum, sən də unut…
Göz yaşlarını sil, qurut.
Mənim kimi sözünü tut,
Yorulmuşam, yollar uzun.
Yorulmuşam, yollar uzun.

Harda qaldın

Nəyə lazım bundan sona axıtdığın göz yaşı,
Harda qaldın, gəlmədin, yandı bağrımın başı.
Əlindəcə cismimi, ölmüş ruhumu daşı,
Harda qaldın, gəlmədin, yandı bağrımın başı.

Əhdə dönük vəfasızı tanımayıb sevmişdim,
Könül həməmi bilib, könül dostu seçmişdim.
Ürək bir, seçdiyi bir, ilqarı bir demişdim,
Harda qaldın, gəlmədin, yandı bağrımın başı.

Neynəyim ki, uduzdum… Mən bu oyunda naşı…
Siləmməzsən qəlbimdən eşqin dadın, ha qaşı.
Qınamayın əbəsdi mənim təki külbaşı,
Harda qaldın, gəlmədin, yandı bağrımın başı.

Tərəfindən yazılmışdır

Zəhra Həşimova

Zəhra Həşimova 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. 2018-2022-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin magistratura səviyyəsində təhsilin davam etdirir. 2023-cü ildən "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəridir.