XIX əsr dünya ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-mütəfəkkir Lev Nikolayeviç Tolstoyun “Bugünümüzdəki köləlik” kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 408 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.
Oxuyacağınız bu kitabda, başlıca olaraq, Tolstoyun öz sağlığında çapı senzura tərəfindən qadağan olunmuş məqalə və məktubları toplanmışdır. Bəlli olduğu kimi, Tolstoy ömrünün son illərində özünün dini, fəlsəfi və ictimai-siyasi baxışları ilə bağlı çoxlu əsərlər yazmış və onunla görüşən çağdaşlarının dediyinə görə o, bu yazılarını özünün bütün bədii yaradıcılığından, hətta ölməz “Hərb və sülh” romanın da, üstün saymışdır. Bu yazılara görə Tolstoy dövlət və kilsə tərəfindən təqib olunmuş, sıxışdırılmış, onun üzərinə qaragüruhun yönəldilməsi də baş vermiş, Rus kilsəsi isə Tolstoyu pravoslav-xristian məzhəbindən çıxardığını elan eləmişdir. Ancaq bütün bunlara baxmayaraq, Tolstoy öz yolundan dönməmiş, sonradan dünyanın bir sıra ölkələrinə yayılmış, elə indi də bir sıra izləri qalmaqda olan “tolstoyçuluq” deyilən cərəyanın müdəalarının əks olunduğu məqalə və məktublarını öz tanışlıq çevrəsində yaymaqda davam eləmişdir.
Tolstoyun bu düşüncələri bir sıra yerlərdə bugünkü oxucuya mübahisəli görünə bilsə də, ancaq bu dahi yazıçının qələmindən çıxmış, özünün məntiqi və psixoloji dərinliyi ilə seçilən bu yazıların onu oxuyacaq bütün oxucuların dərin marağına səbəb olacağına inanırıq.
Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan”