PAYIZ LÖVHƏSİ
Yaman qaş-qabağın töküb göy üzü,
Bəyaz buludların qanı qaralıb
Sükutu küləyin götürmür gözü,
Xofdan ağacların rəngi saralır.
Külək yel atını dördnala çapır,
Önündə ağaclar baş əyir qul tək.
Qatıb qabağına qayaya çırpır,
Selləmə yağışı bu çılğın külək.
Sıyırıb qınından şimşək xəncəri
Yazıq buludların cumur üstünə.
Köçəri quşların dolur gözləri,
Küləyin quşlarla görən qəsdi nə?!
Yenə bulud-bulud ağlayır səma,
Yenə də çayların gözü bulanır.
Könlünü günəşə bağlayan səma,
Şimşək qəzəbindən oda qalanır.
Yaşıl yarpaqların qızarır üzü,
Qızarır həyalı qız bənizi tək.
Kipriyi ləçəkli güllərin gözü,
Dərdini ağlayır hey ləçək-ləçək.
Döyür pəncərəmi şıdırğı yağış,
Oyadır yuxudan xatirələri.
Bu payız yağışı günümə naxış,
Bu yağış payızın Tanrı qədəri.
Yaşıl ümidlərin yaşarır gözü,
Saralan yarpaqlar yaşarmır daha
Qızılı payızın yaşaran üzü
Şıdırğı yağışla başarmır daha
Bu payız həsrətin yarı yarpaqlar,
Daha pıçıldamır öz arasinda.
Qızılı yarpaqlar,sarı yarpaqlar
Vurnuxur qaş ilə göz arasında.
Bu payız-əlləri hənalı uşaq,
Yağışı payızın söz qismətidir.
Yaşıl libasını dəyişən torpaq-
Saralan yal-yamac yaz həsrətidir…
Azərbaycan.Quba.
16.09.2015.
SƏNİ DÜŞÜNÜRƏM
Səni düşünürəm, sənsizliyimlə
Dumanda yol azan gəmiyəm, ay qiz.
Nəyimlə fəxr edim-sənsiz nəyimlə?
Sünbülü sovrulan zəmiyəm, ay qiz.
Səni düşünürəm, qulaqlarimdan
Getmir bir an belə piçiltilarin.
Donur tebessümüm dodaqlarimda,
Gəzir divarlari siziltilarim.
Özümdən qaçsam da səndən qaçmaram,
Ürəyim daş deyil daşinim səndən.
Mən ki sən deyiləm gendən qaçmaram,
Əşya da deyiləm daşinim səndən.
Ağlağan uşağa dönüb günlərim,
Kədəri neynirəm kədərəm sənsiz.
Sənin tək əhdinə dönük günlərin
Əlindən baş alib gederem sənsiz.
Qara bir buluddur sevincim mənim,
Bir himə bənd imiş-hönkürür indi,
Sənin tək unutdu sevincim məni,
Ayriliq bənd imiş-o da sənindi.
Səni düşünürəm, səni-sən indi
Mənə dünənimdən yaxinsan, yaxin.
Demirəm-ürəyim qəlbim sənindi,
Demirəm sən məni yaxin san, yaxin…
Sahilə çirpilan dəli dalğayam,
Məni dəniz belə qoynuna almaz.
Sənli günlərimi mənə bağlayan
Sevdali qəlbimdə sevgim qocalmaz!
Azərbaycan Quba.
22.05.1991.