
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor
Lalə göyərtmişəm gözümün üstdə,
Saçıma qarışır ləçəyi mehlə…
Sizə göndərmişəm izimi qəsdən,
Məni unutmağa düz ordan başla-
Döngənin başında izi silməklə…
Sonra…
Sonra qayıdarıq bir-birimizə,
“Necəsən?” deyərik gülümsəyərək…
Yaylıq bağlayarıq xatirəmizə,
Görənlər desin ki: “Tanrı, laləni
Bu qızın saçından bir də oğurla,
Oğlanın saçında bircə dənə ək!”
Olaq duaların qəhrəmanları…
Canımız da yansın unudulana,
Qınayaq nəyi var, unudanları…
Hərdən bir şeirdə görüşənləri,
Hərdən bir mahnıda ağlayanları
Çoxdan bağışlayıb Tanrı, bilirəm…
Çoxdan bağışlayıb lalə ətrinə…
Sənin unutmağa başladığın yer,
Mənim izlərini bağışladığım,
Saçındakı dəni alqışladığım,
Adını şeirə qarışdırdığım,
Səni təbəssümə çağırdığım yer
Ordadı, bax, orda-
Başımın üstdə
Göyərən lalənin tək düyməsində…
Şəfa Vəli (2025)