SAXLA DÜŞÜM
Saxla, zaman qatarını,
Tanrım, burda saxla, düşüm.
Anam ilə birgə sən də,
Taleyimə ağla, düşüm.
Qurdun alaçıq ömrümü,
Dərdlərə açıq ömrümü.
Bu yarı uçuq ömrümü,
Uçur, bür-bük, bağla, düşüm.
Orda ruhum, burda cismim,
Qalar intizarda cismim.
Qalmasın məzarda cismim,
Yer kürəsi, laxla, düşüm.
DEYiL
Üfürmə kül ürəyimə,
Onsuz da közərən deyil.
Az get, az gəl ürəyimə,
Qırılan düzələn deyil.
Nə sən Allah, nə bəndən mən,
Qaçdım o sənli gündən mən.
Nə məndən sən, nə səndən mən,
Nə bizdən biz olan deyil.
Ağrıdım bu arzulardan,
Yaramdakı sızılardan.
Qırıq-qırıq yazılardan,
Ömrümə iz olan deyil.
HAZIRDI
Hardasa vaxt arasında,
Məhəbbət payın hazırdı.
Səninlə bəxt arasında,
Qurulub oyun, hazırdı.
İl belə ötür, yüz ildi,
Gümanlar itir yüz ildi.
Qamışlar bitir yüz ildi,
Ölçüyə boyun hazırdı.
Üz tutdun uçuq göylərə,
Duan alaçıq göylərə.
Əllərin açıq göylərə,
Gözündə suyun hazırdı.
Görünmür odu sadəcə,
Əzabdı dadı sadəcə,
Məzardı adı sadəcə,
Qazılıb quyun, hazırdı.
BiR SƏS ELƏ
Bir səs elə, geri dönüm,
İzin yox, izin içində.
Hər gün üzünü gəzirəm,
Yüzlərlə üzün içində.
Sənə yürüdüyüm yollar,
Baxıb kiridiyim yollar,
Yandı, yeridiyim yollar,
Yeridim közün içində.
Qəlbinə yar idi qəlbim,
Həsrətdən yarıdı qəlbim.
Eləcə qarıdı qəlbim,
Bu qədər sözün içində.
BU YER ÜZÜNDƏN
Xoşbəxtliyin özü düşə izinə,
Qəlbinin sevinci çıxa üzünə.
Bəxtəvər deyəsən özün-özünə,
Xoş olub gedəsən bu yer üzündən.
Qara fikirləri atıb başından,
Dost-tanışı çıxardasan huşundan.
Hər nə varsa,siləsən yaddaşından,
Boş olub gedəsən bu yer üzündən.
Sayılıb,seçilib saya düşəsən,
Həyatda ən gözəl paya düşəsən.
Götürüb atalar Aya düşəsən,
Daş olub gedəsən bu yer üzündən.
HƏR ŞEY AĞ RƏNGDƏDi
Bürünüb qar dənəsinə,
gəlin köçür təbiət.
Titrəyə-titrəyə gözləyir torpaq.
Vağzalını xatırladır,
soyuq küləyin səsi.
Bu gün hər şey ağ rəngdədi,
Ağ vüsal, ağ məhəbbət.
Şahiddi bu nikaha,
Dağlar, düzlər, yamaclar…
Qol qaldırıb oynayır,
ağ paltarlı ağaclar…
ONUN SAÇLARI RƏNGiNDƏ
Tamı dəyişib yuxumun,
Yatanda da acı dadır.
Gözümə dəyib qayıdır,
Yuxu da məni aldadır.
Arzularım, ümidlərim,
Onun saçları rəngində.
Sanki hər fəsildə “O” var,
Qarın rəngi, gülün ətri,
Lap yaz da ona oxşayır.
Nəfəsi yayın istisi,
Payızda ona oxşayır,
Onun saçları rəngində.
Bu yeriyən, bu yüyürən,
Özüm boyda külüm, Allah.
Heç olmasa xoşbəxt ölüm,
İstədiyim rəngdə olsun,
Göndərdiyin ölüm, Allah,
Onun saçları rəngində.