Hüseynov Mehdi Əli oğlu (Mehdi Hüseyn) (1909-1965) — azərbaycanlı yazıçı, nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq yazıçısı (1964), SSRİ Dövlət mükafatı laureatı (1950), Stalin mükafatı laureatı (1950).1941-cı ildən Sov.İKP üzvü.
Həyatı
Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 22 mart 1909-cu ildə. Qazax mahalının Şıxlı kəndində anadan olmuşdur.O, fəaliyyətə hekayə ilə başlamış, ilk hekayəti 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 30-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və ürək povestlərini yazmışdır.
1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”,[1] “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi.O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950).Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-65) olmuşdur.Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi («Bizdə futurizm cərəyanı») 1926 ildə, ilk hekayəsi («Qoyun qırxımı») isə 1927 ildə dərc edilmişdir. «Bahar suları» (1930), «Xavər» (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. «Tunel» (1927), «Qan intiqamı» (1928), «Kin» (1935), «Daşqın» (1933-36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır.Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan «Komissar»da (1942-49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mü¬hüm tarixi əsəri olan «Səhər» (1953), «Tərlan» (1940), «Vətən çiçəkləri» (1942), «Moskva» (1942), «Ürək» (1945), «Fəryad» (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən «Abşeron» (1949), müəyyən mənada onun davamı olan «Qara daşlar» (1957-59) və ölməz «Yeraltı çaylar dənizə axır» (1965-1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına «Şöhrət» (1939) pyesi ilə başlamışdır. «Nizami» (1942) və «Cavanşir» (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. «Alov» (1961), «İntizar» (1944, İ.Əfəndiyevlə birgə), «Şamil» (1940-41) və «Qardaşlar» (1948) pyesləri, habelə xatirələri, yol qeydləri «Bir ay və bir gün» (1963), gündəlikləri var. «Şair» (1939), «Fətəli xan» (1947, Ə.Məmmədxanlı ilə birgə), «Səhər» (1958), «Qara daşlar» (1958) kino ssenarilərinin müəllifidir.Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir.
Əsərləri
Mehdi Hüseyn. Seçilmiş əsərləri: I cild – Hekayələri, “Yeraltı çaylar dənizə axır” romanı;
Mehdi Hüseyn. Seçilmiş əsərləri: II cild – “Abşeron” romanı;
Mehdi Hüseyn. Seçilmiş əsərləri: III cild – Pyesləri, ədəbi-tənqidi məqalələri.
Filmoqrafiya
1. Şair (film, 1939)
2. Fətəli xan (film, 1947) (Ənvər Məmmədxanlı ilə birgə)
3. Qara daşlar (film, 1956)
4. Səhər (film, 1960)
5. Mənim dostum (film, 1963)
6. Mehdi Hüseyn (film, 1969)
7. Vulkana doğru (film, 1977)
8. Bizim qəribə taleyimiz (film, 2005)
9. Üç zirvənin fatehi (film, 2008)
İstinadlar
1. Jump up↑ “Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi”. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. – səh. 125.
Mənbə
• Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
• Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
• Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90.