Şıxlınski İsmayıl Qəhrəman oğlu (İsmayıl Şıxlı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).
Həyatı
İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).
Ədəbi yaradıcılığı
İlk mətbu əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
İctimai-siyasi fəaliyyəti
İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986-1995), Azərbaycan KP Bakı şəhər komitəsinin (1968-1970), Azərbaycan KP MK-nın (1986-1990), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının tərkibinə daxil edilmişdir[2].
Xidmətlərinə görə “Qızıl Ulduz” (1945), “Şərəf nişanı” (1971), “Qırmızı əmək bayrağı” (1979), II dərəcəli “Böyük Vətən müharibəsi” (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının “Şöhrət” ordenini almışdır (04.07.1994)[3].
1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Əsərləri
Yetər Aslanova. Bakı: Uşaqgəncnəşr, 1949, 36 səh.
Kerç sularında (hekayələr). Bakı: Azərnəşr, 1950, 139 səh.
Dağlar səslənir. Bakı: Uşaqgəncnəşr, 1951, 128 səh.
Daşkəsən (oçerk). Bakı: Uşaqgəncnəşr, 1953, 44 səh.
Ayrılan yollar. Bakı: Uşaqgəncnəşr, 1957, 260 səh.
Dəli Kür (roman). Bakı: Gənclik, 1968, 448 səh.
XVIII əsr xarici ədəbiyyat tarixi. Bakı: 1970, 150 səh. (şərikli)
Seçilmiş əsərlər (iki cilddə). I c. Bakı: Azərnəşr, 1971, 365 səh.
Seçilmiş əsərlər (iki cilddə). II c. Bakı: Azərnəşr, 1971, 444 səh.
XX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1974, 256 səh.
Mənim rəqibim. Bakı: Gənclik, 1975, 192 səh.
Dəli Kür (roman). Bakı: Gənclik, 1977, 408 səh.
Xatirəyə dönmüş illər. Bakı: Yazıçı, 1980, 368 səh.
Dəli Kür (roman). Bakı: Yazıçı, 1982, 436 səh.
Dəli Kür (roman). Bakı: Yazıçı, 1983, 436 səh.
Məni itirməyin. Bakı: Gənclik, 1984, 364 səh.
Cəbhə yolları. Bakı: Gənclik, 1985, 188 səh.
Seçilmiş əsərləri (iki cilddə) I c. Bakı: Azərnəşr, 1986, 480 səh.
Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1986, 477 səh.
Daim axtarışda (məqalələr, publisist çıxışlar). Bakı: Yazıçı, 1988, 358 səh.
Namərd gülləsi (hekayələr). Bakı: Yazıçı, 1991, 230 səh.
Ölüləri qəbiristanda basdırın (nəsr, ədəbi tənqid, publisistika).Bakı: Gənclik, 1992, 270 səh.
Ölən dünyam (roman). Bakı: Azərnəşr, 1995,150 səh.
Tərcümələri
(türkcə və ruscadan)
XIX əsr xarici ədəbiyyat tarixi. Bakı: Maarif, 1964, 654 səh.
Mopassan Gi De. Hekayələr və novellalar. Bakı: Yazıçı, 1980, 182 səh. (şərikli).
Əziz Nesin. Futbol kralı. Bakı: Gənclik, 1988, 333 səh. (şərikli).
Filmoqrafiya[redaktə | əsas redaktə]
Ayrılan yollar (film, 1997)
Bizim qəribə taleyimiz (film, 2005)
Dəli Kür (film, 1969)
Əzizə Cəfərzadə (film, 1999)
Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999)
Xalq şairi Səməd Vurğun (film, 1969)
İşarəni dənizdən gözləyin (film, 1986)
Kürə qovuşan ömür (film, 2003)
Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)