FİLLƏR DƏ AĞLAYAR
Dolaşıb yanımda öz adətinlə
Atılıb düşürsən, oyun açırsan.
O şıltaq, o şeytan təbiətinlə
Hərdən yıxılırsan, durub qaçırsan.
Sənə qoşulurdum həmişə mən də
Hay-küy də salırdın, qab da qırırdın,
Qəlbinə dəymirdim.
İşdən dönəndə
Sən mənə nağıl da danışdırırdın.
Bu gün elə deyil, kədərliyəm mən,
Şıltaq oyunların açmır qəlbimi.
Əlini qeyzlə çəkdim üzümdən,
Baxdın gözlərimə oxlanmış kimi.
Mən heç vaxt qəlbinə toxunmamışdım,
Bu gün ürəyimdən xəbərin varmı?
Baxdın gözlərimə — gözlərim yaşdı,
Kişi də…
Ata da heç ağlayarmı?
Yox. Yox, sən uşaqsan, kişiksən hələ,
Atanı ağladan səbəb var, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım.
Həyat bəsləyibdir möhkəm, sərt məni,
Heç vaxt bilməmişəm bahardı, qışdı.
Aldığım zərbələr, aclıq, dərd məni
Heç zaman, heç zaman ağlatmamışdı.
Baban bu dünyadan köçüb gedəndə
Atanın indiki yaşında idi.
(Atalar gənc ölür…
Kim bilir mən də…)
Onda ağlamadım, fəqət qəm yedim.
Nənən də öləndə ağlamadım mən,
Qəlbimə axırdı gözümün yaşı.
Deyirlər, su içir saçlar ürəkdən,
Budur bax,
Ağarır atanın başı.
Gülüm, bilirsənmi şairdir atan,
Söylə, bilirsənmi, şairlik nədir?
Gözümün yaşını bu gün axıdan
Səbəb də, günah da şairlikdədir.
Yox, təvazökarlıq tutmur bu yerdə,
Şairəm, özü də yaxşısındanam.
Bunu yüz yol deyib tənqidçilər də,
Lap heç dəməsinlər.
Məgər nadanam?!
Gücümü, qüvvəmi görmürəm məgər,
Məgər mən görmürəm yaxşını, pisi?
Öz zövqüm mənimçün dünyaya dəyər,
Gəlsə də dünyanın min tənqidçisi.
Bir də
İndi şair artıb o qədər,
Bahar seli kimi hey gəlir ardı.
Onların yanında mənim kimilər
Puşkindi, Sabirdi, Pol Eluardı.
Düzdür, şeiriyyətin yolunda mən də
Elə bir uca dağ yaratmamışam.
Lakin xoşbəxtəm ki, sözü deyəndə
Bir əvəz almağa can atmamışam.
Mən çalışmamışam xoşa gəlməyə,
Çoxları ucalıb bu yolla, nə qəm.
Dalda dodaq büzüb, üzə gülməyə
Can bala, əvvəldən öyrənməmişəm.
Şair var, görürsən, hər kəlmə başı
“Dərdin alım” deyir qadınlar kimi.
Baxırsan gövdəsi dəyirman daşı,
Hərlənir sənətdə payı var kimi.
Ötəri insana, ötəri hissə
Şeir yazmamışam. Şadam buna da.
Nəğməmin ürəyi vətən deyilsə,
Mənə oğul deməz doğma ana da!
Lakin sözlərinə çox inandığım,
Dönməz, ləyaqətli insan sandığım,
Şəninə nəğmələr qoşduğum insan
Qəlbimi tapdadı bu gün, balacan.
O dedi üzümə:
“Lazımsa əgər,
İnsan sözünü də dəyişməlidir.
Tufanlara qarşı dursa bir nəfər
Xəstə yatağından qaçan dəlidir…”
O dedi:
“Nəsimi dönsəydi bir an
Söylə diri-diri soyulardımı?
Cordano Bruno hətta yalandan
Dönsəydi, tonqalda kül olardımı?”
Bunları o dedi,
O dedi, bəli,
Quruyub mən daşa döndüm az qala.
Mərdliyin, sərtliyin uca heykəli –
Mən ona bu sayaq baxardım, bala.
İndi ağlayıram mən bu dərd ilə,
Yandırır sinəmi qəm-qubar, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım.
Yerə təbaşirlə çəkib xanalar,
Siz dünən həyətdə oynayırdınız.
Sənin özün kimi qəşəng bir qız var,
Çığallıq elədi oyunda o qız.
Balaca əlini ölçə-ölçə sən
Sübuta yetirdin haqq olduğunu.
O qız da dönmədi öz dediyindən,
Durub seyr edirdim kənardan bunu.
Nəsihət verməyi sevir böyüklər,
Yanaşıb mən səni danladım bir az.
Özgə uşağına adam nə deyər? –
Sənə açıqlandım, dedim: yaramaz!
Dedim güzəştə get, olsan da haqlı!
Oyundan kənara çəkildin həmən.
Baxdın gözlərimə sən qaşqabaqlı,
Hönkürdün, hıçqırdın, ağladın birdən.
Mənə haqsız dedin; haqlıykan dönmək
Balaca qəlbinə gəldi ar, qızım.
Uşaq heç,
Haqsızlıq önündə demək
Bəzən böyüklər də ağlayar, qızım.
Mənə “sözlərini dəyiş!” söyləyən
O əmi görəydi səni bu anda!
Görəydi atanın önündə də sən
Sözündən dönməyib məğrur duranda.
Balaca boyunu,
Şah vüqarını
Görüb bir xəcalət çəkəydi barı.
Görəydi özünü, övladlarını
Dönməyib ölümə tapşıranları.
İnsanlar bir ömür yaşayır ancaq,
Demək sürünmək də, uçmaq da olar.
Çətindir kürrənin üzünü tapmaq,
Şüşə güzgününsə bircə üzü var.
Bir üzlü, bir sözlü – demiş atalar,
Yüz ildir belə bir ömrün bir günü.
Bu odlar yurdunda bir məsəl də var:
Kişilər yalamaz tüpürdüyünü.
O isə yaladı,
Hətta mənə də
Belə rəzaləti gördü məsləhət.
Bax, qızım, gözlərim doldu yenə də,
Sinəmdə nifrətə döndü məhəbbət.
Sən başa düşməzsən, uşaqsan hələ,
Atanı ağladan səbəb var, qızım.
Azman görkəmiylə o fillər belə
Bəzən dözməyərək ağlayar, qızım!
1967
ADSIZ ŞEİRLƏRİM
Ad qoymuram sizə mən
Təzə olmuş uşaqtək.
Düzdüz, körpəliyindən
Uşaq ad alsın gərək.
Ad veririk biz bəzən
Əzvaylara – Mehriban,
Qorxaqlara – Qəhrəman,
İdbar insana – Mələk,
Çirkin insana – Çiçək,
Cəllad insana – Adil,
Nadan insana – Aqil…
Bəzən də çirkin adda
Rast gəlirik ilahi,
Gözəl-göyçək qadına.
Belə olur həyatda –
Çox zaman bənzəməyir
İnsanlar öz adına.
Ey adsız şeirlərim,
Ad qoymuram sizə mən.
Qəlbimin parçasıtək
Qopdunuz ürəyimdən.
Bircə onu bilirəm
Yaranıbsız, varsınız.
Yaşamağa haqqınız
Olsa
Ad alarsınız!