O çıxdı qarşıma gülümsəyərək,
Gözəl, yaraşıqlı, boylu, buxunlu,
Məsumdu Sikstin madonnasıtək,
Dedim, mən axtaran elə budur, bu…
Bizim ilk tanışlıq mərasimimiz
Çox uzun çəkmədi. (Nəyə gərəkdir.
Dedim, əbədilik dost oluruq biz,
Zaman hər bir şeyi göstərəcəkdir.)
Bəli, bu tanışlıq çox asan oldu,
Sandım ki, tapmışam gözəl bir inci.
İlk görüş yerimiz restoran oldu,
O təklif elədi bunu birinci.
Gecə yarıyadək oturduq qoşa,
Mənim göz qapağım artıq enirdi.
Şampan şərabları hey daşa-daşa
Büllur badələrdə köpüklənirdi.
Hər şeyin öz vaxtı, öz vədəsi var.
Gərəkdir hər şeyin qədəri olsun.
Bəli, şərabın da öz nəşəsi var,
Ancaq ağlın bundan xəbəri olsun.
Çıxıb restorandan biz yola düşdük,
Xoş bahar gecəsi artıq yarıydı.
Sakit küçələrdə yüz yol öpüşdük,
Şahid göy səmanın ulduzlarıydı.
(Şair, süzmə məni gözlərində kin,
Məni salacaqsan şeirə sal, nə qəm.
“Müsbət qəhrəmanın” deyiləm sənin
Ki, öpüş bilməyəm, şərab bilməyəm.)
Biz onun evinə gəldik birbaşa
Oturduq, danışdıq, güldük doyunca.
Baxdım yorulmadan o gözə, qaşa
Baxdım gözlərimə yuxu qonunca.
Mən heç soruşmadım o qız təkmidir,
Nəyi var qardaşdan, ata-anadan?
Bu evə bir kimsə gələcəkmidir,
Yoxsa o özüdür burda hökmran?
Hisslər ağlımıza üstün gələndə
Hər şey unudulur, deyim səmimi,
Ömrümdə ilk dəfə özümü mən də
Apardım onunla kişilər kimi…
Nəşələr içində açdıq səhəri,
Günəş boylananda oyandıq biz də.
Dünənki o gözəl xatirələri
Yenə canlandırdıq ürəyimizdə.
Elə bilirdim ki, mənimdir aləm,
Mənimdir o gözlər, boy, buxun, bədən…
Qapının zəngini çaldılar bu dəm,
O təlaş içində qalxdı yerindən.
Baxdı gözlərimə, baxışlarından
Mən aydın bildim ki, gələn əriydi.
Demək dodağımda sübhədək yanan
Ərli bir arvadın öpüşləriydi!
O açdı qapını gülümsəyərək,
Sarıldı ərinə bərk-bərk bir anda…
Məsumdu Sikstin madonnasıtək,
Yox! Yüz qat məsumdu madonnadan da!