sv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Bakı -2

İçimdə qərib təlaş,
Yuvasız bir kövrəklik…
Çökür səssizcə, yavaş,
Gözlərimə qəmginlik…
Yenə Bakı səfəri…
Sənsizliyin zirvəsi…
Yoxluğunun zəfəri,
Darıxmağın həvəsi…
Avtobus aynasından
Görünən sarı çöllər
Dönər İrəm bağına,
Cücərər xatirələr…
Bakı sənin şəhərin,
Baxışların kimi yad…
Mənim hər səfərimi
Ağ-qara bir filmə qat…
Səndən gizlin gəlirəm,
Sən dolu şəhərinə…
Xatirələrdi yüküm,
Tökülür gözlərimdən…
İçimdə qərib təlaş,
Yuvasız bir kövrəklik…
Çökür səssizcə, yavaş,
Gözlərimə qəmginlik…

***
Özünə oxşatdın rəngi-ruhumu
Bu qara qızın da sevgisi sarı…
Fələklə əlləşən min günahımın
Beşinci ləçəyi, qönçəsi sarı…

Qadınlar doğulmur sevinc adına
Qoyulan bu adlar təsəllimizdi…
Təsadüfən gəlib düşsəm yadına
Bil ki, payızdayıq…bizim fəsildi…

Bozarıb…saralıb…gözümdə dünya
Fırçamı silirəm arzularıma…
Bəlkə hər fəsildən bir ahəng ala…
Bəlkə… ömrüm dönə göy qurşağına…