Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
ALLAH KƏRİM
“Düşüncələrim” – silsiləsindən
Olan-oldu, keçən-keçdi,
Dəryaz illər ömrü biçdi.
Göz ağladı, qəlb su içdi,
Dəyişmədi heç qədərim.
Sızladıqca qəm kamanım,
Duyulmadı and-amanım.
Olmadı xoşbəxt zamanım,
Qatbaqatdır dağ kədərim.
Qəm karvanın sıx çəkərək,
Dərdlər gəldi çərək-çərək.
Istəsək də xoş gün görək,
Heç bitmədi dərdim, sərim.
Əkssədadır dərd harayı,
Hər anım bir qüssə payı.
Ha çox həsrət, hicran sayı,
Hansın üzüm,hansın dərim?
Çəksə də hey başım bəla,
Dözdüm hər cür qalma-qala.
Bunca dərdə, hər münvəla,
Dövran dedi:-“Allah Kərim”.
BU EŞQİN SONU
“Könül dəftərim” – silsiləsindən
Yenə qısqanclıqdır qəlbimi üzən,
Ala gözlərimdən yaşları süzən.
Beynimdən könlümə sorğular düzən,
Necə olacaqdır, bu eşqin sonu?
Hər dağda, oylaqda qoşa gəzmişik,
Mamırli daşlada xına əzmişik.
Dərdli bənövşəni saça düzmüşük,
Neçə olacaqdır, bu eşqin sonu?
Çəməndə, çayirda iz salan da biz.
Qoşmalar söyləyib, saz çalan da biz,
Can içi- can olub, kam alan da biz,
Necə olacaqdır, bu eşqin sonu?
“Zor bulaq” suyundan eşqi-cam içən,
Lalədən, nərgizdən əlvan don biçən.
Hər yaldan, gədikdən buludtək keçən,
Neçə olacaqdır, bu eşqin sonu?
O ülvi sevgini fələkmi çaldı?
O nazlı çağları, Verənmi aldı?
Sevgimiz, sevdamız yoxsa qocaldı?
Necə olacaqdır, bu eşqin sonu?
Əyməsin zəmanə məni bu qədər,
Sanki əkizimdir qüssə, qəm, kədər.
Getməsin ey Dövran, saf eşqin hədər,
Bitsin vüsal ilə bu eşqin sonu…