(Azad nəvəmin bir yaşına)
Süd qoxulu isti yumşaq
Yatağına qurban olum.
Təzə-təzə ayaq üstə
Durmağına qurban olum.
Gəl babanı salma dara
Ürəyinə vurma yara
Şirin-şirin xülyalara
Dalmağına qurban olum.
Ruhum uçdu, qəlbim güldü
Çox istəkli nəvəm gəldi.
Həftəsonu babangildə
Qalmağına qurban olum.
İzləyirəm izlərini,
Gəl qatlama dizlərini
Buta-buta gözlərinin
Qapağına qurban olum.
Mələksifət, açıqalın,
Səni sevir, sağın, solun.
Ağlayanda dördkünc olan,
Dodağına qurban olum.
Düşmən çəpərinə daş atdın
Nəslin başını ucaltdın
Azad babanı yaşatdın
Varlığına qurban olum.
Yerinə yetsin diləyin
Şad olsun kövrək ürəyin
Səni bizə bəxş eyləyən
Xaliqinə qurban olum.