yazıçı- publisist, dramaturq

Azərbaycanda elə bir şair tapmazsan ki, anaya, anasına, yaxud qadına şeir və yaxud başqa bir bədii əsər həsr etməsin. Bu da təbiidir, çünki hər kəsin hisslərinin formalaşması, ülviləşməsi, kutsallaşması anadan başlanır. Zaman keçir, gələcək şair böyüyür, məşhurlaşır, amma ana qucağını, ana məhəbbətini unuda bilmir. Şairlər həyatda, cəmiyyətdə mübarizə apardıqca, enişləri, yoxuşları çoxaldıqca o məsum və saf günlərə – analı, ya anasız zamana qayıtmağa can atır, uşaqlıq dünyasının ən böyük neməti olan o dövr üçün darıxırlar. Bu səbəbdən şairlər acılarını, ağrılarını unutmaq üçün keçmiş xəyallara qayıdırlar. Keçmiş xəyalların ən böyük obrazı, hamıdan seçilən surət isə ANAdır.

Hələ bundan sonra da şairlər onları doğacaq ANAlara şeirlər həsr edəcəklər.

Bu baxımdan gözəl ziyalımız, şair Vüqar Sərdarovun tərtib etdiyi “Anam yadıma düşdü” şeirlər toplusu diqqətçəkəndir.

Tərtibçi analara, qadınlara həsr edilən şeirləri bir almanaxa sığışdırmağı bacarıb. O, iki yüzdən artıq şairin “ANA, QADIN” haqqında şeirlərini bir kitabda toplayıb. Kimlər yoxdur bu almanaxda; tanınan və tanınmayanlar, məşhurlar və yenicə yazmağa başlayanlar, bir sözlə, demək olar ki, hamı var. Əgər kimsə yaddan çıxıbsa bu tərtibçinin, hesab edirəm ki, günahı deyil. Burada Əhməd Cavad, Əliağa Vahid, Mikayıl Müşfiq, Nəbi Xəzri, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Əli Kərim, Aşıq Şəmşir, Zöhrab Tahir, Nəriman Həsənzadə, Əjdər Ol, Telli Pənahqızı və başqa nəhəng, tanınmış imzalarla yanaşı, digər imzalar da çoxluq təşkil edir.

Bu almanaxda hansı hisslər yoxdur – fərdi hisslərdən tutmuş, ta bu hissi VƏTƏN səviyyəsinə qədər qaldıran, yaxud köçə, ululuğa, türkçülüyə bağlayan şeirlərə qədər.

Məsələn, öz yurdunda yurdsuz qalan Abdulla Qurbani yazır:

Duman alıb dağlarımı,

Xəzan vurub bağlarımı,

İtirib xoş çağlarımı,

Ana, Murovdan gəlirəm,

Qardan, qırovdan gəlirəm,

Yaxud;

Qərib quzutək mələrəm,

Leysan olub nur ələrəm,

Gələrəm, yenə gələrəm,

Ağlama, anam, ağlama.

Şair köç həsrətini, vətən həsrətini ana şeirinin içində elə ustalıqla verir ki, oxuyan dərhal yaxın keçmişdə başımıza nələr gəldiyini anlayır.

Adil Cəmil “Anasız evin uşaqları” adlı şeirində metaforla danışır. Bu həm oxucunu təsirləndirir, həm də şeirin bədiiliyini daha da gücləndirir:

Üç ana ölmüşdü bu evdə bəli,

Hər uşaq bir ana intizarında …

Yayın istisində, qışın qarında

“Ana!”, “Ana!” deyə öyrəşib onlar

Ağrılı, acılı anasızlığa…

Hətta, ustad Aşıq Şəmşir təbiətin gözəlliyini özünün oturuşmuş söz çələnginə bükəndə belə anasını yaddan çıxartmır. O, qocalığında da anasını xatırlayır:

Balasın çağırır meşədə əlik,

Şəmşir də dinləyir əlində çəlik,

Qartal qıy vuranda, qayada kəklik

Ötüşəndə, anam yadıma düşdü.

Ana həm də QADINDIR. Onun qadınlığı “Ana” sözü ilə üst-üstə düşəndə, hər iki varlıq bir-birini tamamlayanda, yəni vəhdəti-vücud olanda, ülviləşir, müqəddəsləşir, zamanı və məkanı aşıb daim xatırlanır, həzinliklə və kövrəkliklə yad edilir. Bu yadetmə isə anlardan, saniyələrdən ibarətdir. Şairlər isə bu anları kağıza köçürməklə əbədiyaşar edirlər.

Anınca köhnələn doğum ilini,

Sən əzab çəkirsən, ah, gözəl qadın!

Süzüb şəkillərdə incə belini

Boynunu bükürsən, ah, gözəl qadın!

(Əjdər Ol, “Gözəl qadın”)

Bu kitabda təkcə “Ana”ya həsr edilmiş şeirlər yox, ananın dilindən gileylənən şeirlər də az deyil. Ana üçün oğlunu, övladını görməmək onu itirməyə bərabərdir. Bu giley sevməkdən, övladını ağrı-acılarla böyüdüb boya-başa çatdırmağı xatırlamaqdan irəli gəlir.

Bu baxımdan almanaxda Əli Kərimin məşhur “Qaytar ana borcunu” şeiri də yer alır.

… Ana bilsəydi əgər böyütməzdi oğlunu,

Yox, bunu yandım dedim, yenə atmazdı onu –

Bir gözəl, bir sevimli oğul böyütdü ana,

Ürəyində ağlayıb, gülmək öyrətdi ona.

Təbiidir, övlad valideynləri üçün nə etsə övladlıq borcunu heç zaman qaytara bilməyəcək. Bu borcu yalnız sən öz övladına verməklə ödəyə bilərsən.

Oğul demərəm sənə!

Deyirəm ki, o boyu, buxunu qaytar geri!

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu,

Gülüşünü, adını, sözünü qaytar geri!

Qaytar onun borcunu.

O borc sənin özünsən, özünü qaytar geri!

Şair bu yaşamı, bu dərdi, bu hissi keçməsə, yaşamasa, düşünürəm ki, belə güclü şeir alınmazdı. Bəlkə də belə gileylər şairin öz başına gəlib, amma o bunu ümumiləşdirəndə, artıq hamı tərəfindən qəbul olunur, sevilir, çünki ana gileyi bir deyil, iki deyil, üç deyil. Onlarla, yüzlərlədir. Amma, əbəs yerə deməyiblər ki, ana qarğışı müstəcəb olmaz.

Övlad nə qədər yaşlı olsa da, yenə ana üçün uşaqdır, cocuqdur. Övlad elin ağsaqqalıdır, amma ana ona yenə körpə kimi baxır, fikirləşir ki, görəsən gecə üstü açıq yatmadıki…

Başım üstdən yellər ötür.

Necə ağır illər ötür,

Daşqın gəlir, sellər ötür,

Ömrüm keçir ağır gündə,

Saçlarıma düşür dən də,

Qocalıram, ana, mən də.

(Eldar Həsənli, “Qocalıram, ana, mən də”)

Yaxud, Səməd Qaraçop anasının nəşini torpağa tapşıranda şeirin sonunu harayla deyil, muğayıtla bitirir:

… Suyunda gözlərimi suvardım,

Odunla ürəyimi bişirdim, torpaq!

Anam mənə tapşırdı səni,

Anamı sənə tapşırdım, torpaq!

Heç bilən varmı şəhid anası nələr yaşayır? Bunu şəhid analarından soruşun! Övladı şəhid olan ana da şəhid olur. Övlad bir dəfə şəhid olur, ana isə gündə yüz dəfə. O, düşmənlə xəyallarında vuruşur, şəhid olur, dirilir, yenə vuruşur. Bunu mən yazdım. Xuraman isə belə yazır:

Şəhid anasının kədəri, qəmi,

Özü də şəhiddir dərdlər içində

Şəhid oğulların anaları da

Şəhid dərd yaşadır daim içində.

yaxud, Fikrət Qocanın “Şəhid ruhunun anasına pıçıldadıqları” kimi:

Pəncərənə düşən kölgə

mənəm, ana!

Ürəyində qalan “bəlkə”

mənəm, ana!

Bu el, elat, – bütün ölkə

mənəm, ana!

Mən həmişə yanındayam,

canındayam.

Hansı səviyyədə və vəziyyətdə olmağımıza baxmayaraq övlad həmişə valideyninin nəfəsinə, sözünə, nəsihətinə möhtacdır.

Mən öz nəslimizə zirvəyəm, tacam,

Biləydin mehrinə mən necə acam,

Hər şeydən tox canım, sənə möhtacam,

Düşsəm ayağına, izin nə deyir?

(Flora Xəlilzadə, “Sənə möhtacam”)

Anaya həsr edilən şeirlərdə bölünmüş Azərbaycan da incəliklə verilir, ayrılığın nisgili, sanki ana imiş günahkar, ona giley olunur. Zöhrab Tahir kimi:

O tayın, bu tayın qulağı səsdə

Qulağım tutulub bu son nəfəsdə

Qoyun tüfəngimi sinəmin üstə,

Ölsəm, tüfəngimi götürsün anam!

Analarda hissetmə çox güclüdür. Övladının başına bir iş – xoş, ya bədbəxt hadisə gələrsə bunu ilk olaraq analar hisslə, fəhmlə bilərlər. Bəlkə bu ona görədir ki, ana bətnindən övladlar cismani ayrılsalar da, heç zaman ruhən ayrılmayacaqlar. Bətndə övladına verdiyi fiziki və ruhi bağlılıq ölənə qədər davam edəcək, öləndən sonra isə ananın göylərdəki ruhu yerdəki balasını hifz edəcək. Bunu Zəlimxan belə yazır:

… Gözündən nə qədər uzaq olsa da,

Övladın gününü, güzəranını

Havadan oxuyur, buluddan bilir.

Yozur yuxuları, yaxşıya, pisə

Səsdən soraqlaşır, sükutdan bilir.

Göynəkli həsrətlə, üzücü qəmlər,

Puç olan arzular harda var bilir.

Harda yas qurulur, harda vay düşür,

Harda ocaq sönür, hay-haray düşür

Dünyada birinci analar bilir!

Dünyada birinci analar bilir!

Bəlkə də övladla Tanrı arasında ana durur, axı ilk növbədə valideyn balasına görə Tanrı qarşısında cavabdehdir. Ana da övladına hər işdə xoş şeylər arzular, onun cənnətdə olmasını istər. Bəlkə buna görədir ki, şair Vüqar Sərdarov yazır:

Məşhur bir kəlam var analar haqda

Cənnət anaların ayağı altda.

Analar haqqında kitabın özündən də çox yazmaq olar, çünki “Ana” mövzusu bitib tükənən deyil. Hətta gələcəkdə də doğulan şair hökmən ana barədə nəsə bir neçə söz deyəcək, misraları inci kimi bir-birinin ardınca düzəcək.

Ümumiyyətlə, almanaxdakı şeirlər mahiyyətinə, forma və məzmununa görə çox zəngindir. Hər bir şəxs bu kitabda öz anası haqqında şeirə rast gələ bilər. Bu da düşünürəm kitabı oxunaqlı edəcək.

Mənbə: http://olaylar.az/