* * *

Soyuqluğu necə yaman üşüdür,
Ağladır ruhumu, ağladır, Allah!
Atıb ev-eşiyin o qız gedəndən,
Bağlıdır qapısı, bağlıdır, Allah!

Asılıb qalmışam dərd yaxasından,
Özüm də özümə qənim olmuşam.
Hardadı bəxt yazan… tapıb soruşun,
Görün bu taleyi ondan almışam?

İçimdə oxunmur eşqin nəğməsi,
Yox olub könlümdən sevgili çağlar.
Gəl, qayıt evinə, ay ev yiyəsi!
Nə qədər evinin divarı ağlar…

lll

Yenə də yolları geyib əynimə,
Gözüm işlədikcə uzaq gedirəm.
Hələlik dostlarla sağollaşmışam,
Özümdən özümə qonaq gedirəm!
Ora Vətənimin uca zirvəsi,
Orda ulduzlarda yaxındır yerə…
Orda bir qız ola səni sevəsi,
Hələ gəldiyini yuxuda görə.

…Özümü unudub, bənzəyib yada,
Xəyalım yol alıb, dərəyə, dağa.
Çəkdiyim qayğını qoyub Bakıda,
Gedirəm kəndimdə uşaqlaşmağa.

lll

Ayaq açıb gözlərim,
düşüb sənin dalınca.
Göz yaşlarım adını,
axşam yazır balınca.

Həsrətindən ürəyim,
dönüb dərd o tağına.
Kədər məni aparıb
salıb qəm yatağına.

Əzab yorğan əvəzi,
bürümüş məni boğur.
Gündən-günə əzabım
yeni bir əzab doğur.

… Bu gözlərim, ay Allah,
yaman gəzəyən olub.
Çıxıb evindən, vallah
qayıtmır, yolda qalıb…

lll

Daha varlığın da məni üşüdür,
Daha buz bağlayıb əlində əlim.
Bir vaxt danışardı baxışlarımız,
İndi o baxışlar laldı, gözəlim.

Alma yanaqların niyə qızarmır,
Hanı gözlərində gizli baxışlar?
Deyəsən, yamanca peşman olmusan,
Gözündən boylanır sözlü baxışlar.

Yaman dəyişmisən yaman, a zalım,
Beləcə tanıya bilmirəm səni.
Nə ola, bu görüş sonuncu olsun,
Özüm də qınaya bilmirəm səni.

lll

Ana ol, balan da sevgilim olsun,
Əzizlə, qoy sevinc qəlbinə dolsun.
Küləyin saçına xəfifcə dalsın,
Sən də saçlarına örpək taxarsan,
Bakı, sevgilimə yaxşı baxarsan!

Darıxsa, yol çəkib gözləri dolsa,
Həsrətim gözündən gülüşü alsa.
Fikri xəyalımın izində qalsa,
Dost olub dərdinə şərik çıxarsan,
Bakı, sevgilimə yaxşı baxarsan!

Günəşin istisi yandırsa onu,
Geydirsin günəşə buludlar donun.
Görsən soyuq oldu, üşüyür canı,
Qəlbini qızdırıb, gün tək yaxarsan,
Bakı, sevgilimə yaxşı baxarsan!