Gülümsə

İçində tufan qopur, üzün hələ gülürsə,
Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə!
Qəlbin alov tutanda, gözündən yaş gəlirsə,
Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə!

Hələ salam verirsə, yanından ötən biri,
Günahsız bir körpənin dodaqları gülürsə,
Bir əlin o birinə daha isti gəlirsə.
Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə!

Ruhun sızıldayırsa yaralı quş görəndə,
İçində bir duanın səsi haray salırsa,
Dilin hələ dönürsə, “Allah, Allah” deməyə,
Yaşayırsan deməkdir, yaşayırsan, gülümsə!

Kim bilir

Alnıma yazılan yazıya bir bax,
Kim bilir daha nə görəcək gözüm?!
Vaxtsız sönən məhəbbətin yasına,
Görəsən çoxmu yaş tökəcək gözüm?!

Üzümdə izini buraxır illər,
Saralır içimdə açılan güllər.
Gün-gündən rəngini itirir tellər,
Deyəsən çuxura düşəcək gözüm!

Düz yollarım döndü oldu çəpəki,
Dağ-dərə önümü kəsib hələ ki.
Çox yüyürdüm çatammadım sənə ki
Elə baxa-baxa öləcək gözüm.

Bir şəklin qalaydı

O ötən günlərdən xatirə kimi,
Nə ola bir şəklin qalaydı məndə.
Qırıq ürəyimə kömək, təsəlli,
Nə ola bir şəklin qalaydı məndə.

Gecdi göz yaşımı töküm o günə,
Günlər yas saxlamır itkin ömrünə.
Mən kölgə oluram yollara yenə,
Nə ola bir şəklin qalaydı məndə.

Bilirəm rəsmin də qəm gətirəcək,
Zilimi udacaq, bəm gətirəcək,
Quruyan gözümə nəm gətirəcək,
Nə ola bir şəklin qalaydı məndə.
Nə ola bir şəklin qalaydı məndə.

İmtahan

Uşaqkən bilməzdim imtahan nədi…
Sadəcə bilirdim qorxurlar ondan.
Məni titrətməzdi sorğu-suallar,
Keçməsəm həyatın sərt sınağından.

Böyüdüm biliyim, təhsilim artdı,
Hətta imtahan da etdilər məni.
Mənə suallar da şirin gəlirdi,
O zaman bilmirdim məhəbbət nədi.

Məhəbbət deyilən nə ağır sınaq,
Cavabsız suallar yaman çətindi.
Keçəmməsəm ümidlərim sınacaq,
Sınan qəlbin ağrısına döz indi.