Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Məni bağışla, ata!
1989-cu ildə atam öldü… Bir ay sonra bu şeir doğuldu.
Ruhumun üzündəki
Naxışlar yoxa çıxıb.
Sağlığında gördüyüm
Baxışlar yoxa çıxıb, –
Məni bağışla, ata!
Torpağa səcdə edib,
Dənə Allah deyirdim.
Allahım ola-ola
Sənə Allah deyirdim, –
Məni bağışla, ata!
Əzrayıla sığınıb,
Əcəli mat qoyurdun.
Necə bağışlayım ki?
Sinəmə çat qoyurdun, –
Məni bağışla, ata!
Sən ölən gün, həyata
Sahibsiz dalan dedim.
Anamı üzməməkçün
Anama yalan dedim, –
Məni bağışla, ata!
Səndən sonra içimin
Oyuğu artdı elə.
Bu körpə əllərimin
Soyuğu artdı elə, –
Məni bağışla, ata!
Səninlə, bu dünyadan
Gövhərin, ləlin köçdü.
Qonşu qız da, bizə yox,
Yad evə gəlin köçdü, –
Məni bağışla, ata!
Bir vaxtlar atam idin,
İndi bir əlcə şəkil.
Mən öz yuxuma girim,
Sən öz yuxuna çəkil… –
Məni bağışla, ata!
***
…Əvvəl adamın özü,
Sonra da canı gəlir…
Günahlar çoxaldıqca
Ayrılıq anı gəlir…
Hər anın öz anı var,
Kimin dərdi, səri yox?!
Son mənzilə çatırıq…
Haqq-hesab dəftəri yox…
Ruhun da, axşam-səhər
Yaxaları ağ olur.
Ruhdan gen düşən adam
Əcələ dustağ olur.
***
Başımın ağı artdıqca,
Şəklim dondan-dona düşür.
Ruhum ay kimi olandan
İşığı tək ona düşür…
O da, beləcə, qəsd edir,
Canım haldan-hala qalır.
Mən şeytandan uzaşdıqca,
O, şeytandan dala qalır.
Duz tökmə, yaram soyuyub,
Qəmi hədəfə düz vurma…
O, mənlik deyil, mən onluq,
Ta ona görə üz vurma.
Ruhum elçi daşıdı ki,
Gündə yüz adam daraşır?!
Məni təkliyə öyrətmə, –
Təklik Allaha yaraşır.
Kasıbın
Bu şeiri 1993-cü ildə yazmışam. Bir nəfər dedi ki, paylaş, çünki vacibdir… Paylaşdım…
Əvvəlindən belədir; aşağı dikər başın,
Qul kimi işlək olar, zayı olmaz kasıbın.
Əllərini qaldırar bir udumluq pay üçün,
Duası düyün düşər, payı olmaz kasıbın.
Ürəyinin istisi hər arzu-kama çıxar,
Duyğusu nəm libasda naz ilə dama çıxar,
Əzabı pərvanətək tövşüyər, şama çıxar,
Günü ah-ufla keçər, ayı olmaz kasıbın.
Tale acılarını ürəyinə qondurar,
Kölgəsini həyatın odu ilə yondurar…
Əynin yamaq üşüdər, canın yoxluq dondurar,
Qışı divanə keçər, yayı olmaz kasıbın.
O, nağıl kimi baxar görmədiyi toxluğa,
Duyğuları öyrəşməz sevgi adlı çoxluğa.
Əcəli vaxtsız gələr, həyat yıxar yoxluğa,
Əzrayıl ova çıxsa tayı olmaz kasıbın.
Yanağına xətt salar duman onun, çən onun,
Saçlarını ağardar qəfil düşən dən, onun.
Hikmət, kefinə dəymə qəm yeyəndə, sən, onun,
O qədər ah-vay edər, hayı olmaz kasıbın.
Gen dur gözlərimdən…
Şeytan da mənimlə əlləşir elə…
Görüm necə eşir közümü, görüm.
Bir gün deməzlərmi dəliydi kişi?!
Gen dur gözlərimdən, özümü görüm.
…Nədən Allah qədər sevdiyim qadın
Cavab məktubunu qollamıb hələ?
…Çoxdan o yazığa bir vəd veriblər,
O da qırağını kollamıb hələ…
Çəkdiyim şəkilə oxşamırsan heç,
Gözünü çəkəndə, qələm sürüşüb.
Sandım, ovlayaram, başım qarışdı,
Qəfil dedilər ki, tələm sürüşüb…