Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrin inkişafında Məsud Əlioğlunun, heç şübhəsiz, müstəsna xidmətləri vardır ki, bu xidmətlərin yalnız miqyası deyil, məzmun-mündəricəsi, ideya-estetik mükəmməlliyi də həmişə etiraf olunmuş, tənqidçi-ədəbiyyatşünasın keçən əsrin qırxıncı illərinin sonlarından yetmişinci illərinin əvvəllərinə qədər davam edən (və təəssüf ki, çox tez kəsilən) yaradıcılıq axtarışları bir neçə fundamental istiqaməti əhatə etməklə sonrakı illərin araşdırmalarına, ümumən milli ədəbi-nəzəri təfəkkürün tərəqqisinə əhəmiyyətli təsir göstərmişdir.
Məsud Əlioğlu iyirmi beş illik yaradıcılığı ərzində “Şamo” romanı haqqında (1951), “Cəlil Məmmədquluzadənin dramaturgiyası” (1954), “Mirzə İbrahimovun dramaturgiyası” (1955), “S.S.Axundovun həyat və yaradıcılığı” (1956), “Osman Sarıvəlli” (1958), “Rəsul Rza” (1960), “Məfkurə dostları” (1961), “Ədəbiyyatda yeni insan” (1964), “Məslək qardaşları” (1966), “Tənqidçinin düşüncələri” (1968) kitabları, onlarla məqalələri nəşr olunmuş, vəfatından sonra “Ədəbi fraqmentlər” (1974), “Hüseyn Cavidin romantizmi” (1975), “Məhəbbət və qəhrəmanlıq” (1979), “Amal və sənət” (1980) və ikicildlik “Darıxan adamlar” (2009) kitabları çıxmışdır.
Məsud Əlioğlunun yaradıcılığında üç əsas istiqamət elmi-metodoloji aktuallığı (və enerjisi) ilə seçilir ki, onlardan birincisi xalq yaradıcılığı, ikincisi klassik, üçüncüsü isə müasir ədəbiyyatdır. İlk tədqiqatlarından başlayaraq maraq dairəsi çox geniş olan tənqidçi-ədəbiyyatşünas ədəbi növ, janr məhdudiyyəti bilməmiş, həm poeziyadan, həm nəsrdən, həm də dramaturgiyadan eyni peşəkarlıqla yazmaq təcrübəsinə yiyələnmiş, çox zaman mənbəyini paradokslardan alan yeni ideya-estetik çağırışlarla zəngin dövrün qabaqcıl təhlil (və ümumiləşdirmə) texnologiyalarını dərindən mənimsəyib böyük istedadla (və ustalıqla) tətbiq etmişdir ki, bu, gənc ədəbiyyatşünasın analitik-fəlsəfi təfəkkürə malik olmasından irəli gəlir.
Məsud Əlioğlunun, əslində, bir monoqrafiya statusunda olan “Məhəbbət və qəhrəmanlıq” məqalə-essesi “Dədə Qorqud”, “Koroğlu” eposlarını, eləcə də həmin eposları yaradan ozan-aşıq yaradıcılığının metafizikasını anlamaq üçün ciddi metodoloji istinadlar verir…
“Dədə Qorqudun həyati idealı düzlükdür! Fəqət düzlüyün özü də sübuta yetirilməlidir, ziddiyyətlərin düyünündən və münaqişələrin cərəyanından çıxaraq təsdiq olunmalıdır. Qorqud fəlsəfəsinin müdrikliyi və təsir gücü orasındadır ki, real həyatın və varlığın ziddiyyətlərindən keçərək möhkəmlənən, sübuta yetən doğruluğu şübhədən qurtarır və ona qanunauyğunluq haqqı qazandırır”.
“Xalq əsrlər boyu həyatı adi gündəlik vəziyyətindən ideal dərəcəyə ucaltmaq məqsədilə fövqəladə əməllər, qeyri-adi işlər, qüdrətli qəhrəmanlar və yenilməz şəxsiyyətlər axtarışındadır, “Koroğlu” dastanı da bu istiqamətdəki axtarışlar əsasında xalqın yaradıcılıq dühasının əldə etdiyi ən böyük kəşfdir”.
Əlbəttə, Məsud Əlioğlu folkloru bir folklorşünas kimi deyil, tənqidçi-ədəbiyyatşünas (və ədəbiyyat filosofu) kimi təhlil edir. Və bu təhlil üsulu özünü ona görə doğruldur ki, müəllif xalq yaradıcılığına xalqın etnoqrafik təfəkkür enerjisinin təzahürü, dünyagörüşünün, etnokulturoloji varlığının təfsilatı (və təfərrüatı) kimi baxmaqla onu (xalq yaradıcılığını) bir bütöv halında ədəbi-mənəvi ideyalar (və ideallar!) mətni səviyyəsinə yüksəltmiş olur.
Tənqidçi-ədəbiyyatşünas xalq ədəbiyyatının ideyalar (və ideallar!) sisteminə hansı ideya-estetik səviyyədən təhlil verirsə, Azərbaycan klassik ədəbiyyatına da həmin səviyyədən yanaşmaqla Nizami, Füzuli, Vaqif kimi “zəka səltənətinin, könül mülkünün hökmdarları”nın hər birini öz miqyasında araşdırıb elə dolğun qənaətlərə gəlir ki, həmin qənaətlər yalnız ədəbiyyat tarixi deyil, ümumən milli təfəkkür tarixi üçün böyük əhəmiyyət daşıyır.
Nizami lirikasının məzmun-mündəricəsi, Nizami qəzəllərində tərənnüm olunan sevginin fəlsəfi mahiyyəti barədə deyir:
“Nizami dühasının məna-məzmun siqləti şairin lirikasında, məhəbbət və gözəllik nəğmələrində də dərin-emosional təsir qüvvəsi ilə ifadə olunmuşdur. Nizami qəzəllərinin mərkəzi mövzusu – məhəbbətdir və bu məhəbbətin mahiyyətinə diqqət yetirdikdə bir həqiqəti dərk edirik: Nizami sevir!”.
Məsud Əlioğlu Füzulinin “insan sevgisi”nin bütün dərinliyinə (və miqyasına) vararaq belə bir nəticəyə gəlir ki, dahi şair-mütəfəkkir üçün eşq “insan təbiətinin ülviyyətindən doğan və naqis ehtiraslara qarşı mübarizədə ali xüsusiyyət qazanan qüdrətli keyfiyyət”dir.
Və mütəfəkkir ədəbiyyatşünas Nizami, Füzuli məhəbbətindən nə qədər arifanə danışırsa, Vaqifin “gözəllik tərənnümü”nü də o qədər müdrikliklə şərh edir:
“Vaqifin adı, şeir-sənət dünyası xəyalən xatırlandıqda gözəllik və həyat eşqi ilə çırpınan azad bir şair könlü yada düşür. Bu könül sıxıntıdan, məhdudluqdan, yeknəsəqlikdən büsbütün uzaqdır. Orada real varlığın əbədi və sarsılmaz qanunlarına sitayiş edən bir qüvvə hökm-fərmadır – həyatsevərlik! Bu ötəri nəşə, sadəcə “günü xoş keçirmək”, “fani dünya”dan “arzu-kam” almaq əhval-ruhiyyəsi deyildir. Vaqif şeirinin qan damarını təşkil edən həyatsevərlik mənəvi ölgünlüyə, ruh düşkünlüyünə müqavimət sayəsində dərin və düşündürücü mahiyyət kəsb etmişdir”.
Məsud Əlioğlunun klassik ədəbiyyat barədəki ideya-estetik şərhlərinin çox böyük bir hissəsi XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına aiddir. O dövr ədəbiyyatına ki, həm kəskin realizmi, həm də eyni dərəcədə kəskin romantizmi ilə özü öz daxilində elə bir cəbhə açmışdır ki, bu günə qədər Azərbaycan ədəbi-ictimai fikri özünün ən barışdırıcı təzahüründə belə, bu ziddiyyəti sonacan həll etmək iqtidarında deyil. Və bəlkə də, istənilən xalqın ədəbi-ictimai fikrinin tarixində belə həlledilməz (paradoksal) hadisələrin, dövrlərin varlığı elə bir təbii inersiyadır ki, burada söhbət ziddiyyətləri həll etməkdən yox, onların fərqinə daha dərindən varmaqdan getməlidir.
“Molla Nəsrəddinin xələfi” dahi Mirzə Cəlil, onun “ölülər və dəlilər” aləmi…
“Cəlil Məmmədquluzadənin humanizmi və demokratizmi, ümumən xalq sənətkarı olaraq mütərəqqi görüşləri onun sadə insanların faciəsini, cəmiyyət tərəfindən incidilən və unudulan məğrur ziyalıların iztirablarını dərin ürəkağrısı ilə, vətəndaş-sənətkara məxsus kədərlə duyub dərk etməsindədir. Bu xüsusiyyət isə zahirdə hər şeyə gülə-gülə diqqət yetirən, əslində isə, insanlığın əzilib-alçaldılması üçün için-için göz yaşı axıdıb kədərlənən Molla Nəsrəddinin insanpərvərlik ideallarını təsdiqə yetirir”.
Mirzə Cəlillə eyni cəbhədə dayanan “həqiqət nəğməkarı”, eyni dərəcədə dahi Sabir…
“Çoxcəhətli, dərin və sarsıdıcı həqiqət Sabir sənətinin mayasına hopmuşdur. Şairin məğrur, müdrik və müqtədir yaradıcılığı yalnız həqiqətin müqəddəs və nurlu mənası qarşısında başını əymişdir. Həqiqəti sevənlər, həqiqəti deməkdən çəkinməyənlər və onu dost tutanlar Sabirin nəzərində şərəfli ömür sürməyə qadir və layiqdirlər. Bununla belə, həqiqəti anlamaq, təbliğ etmək və sevmək asanlıqla başa gəlmirdi. Bunun üçün fədakarlıq tələb olunurdu”…
Və romantizm… Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla Şaiq… Nəhayət, “romantizm dövrü” bitəndən sonra Azərbaycan ədəbiyyatı tarixində yeni bir romantizm dövrü yaratmağa qalxan (və yaradan!) Hüseyn Cavid…
“Hüseyn Cavidin romantizmi” monoqrafiyası təkcə Məsud Əlioğlunun deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığının (və xüsusən cavidşünaslığın) ən mükəmməl əsərlərindəndir. Monoqrafiya müəllifi “öz əsərlərində fəlsəfi müdrikliyi və bədii kamilliyi müstəsna bir ustalıqla birləşdirən” şairin ideyalar aləmini, mövzularını və bədii idrak vasitələrini ilk dəfə sistemli şəkildə tədqiq etmiş, böyük sənətkar-mütəfəkkir haqqında obyektiv (və ürəkdən!) söz deməyin çətin olduğu illərdə yazmışdı:
“…İnsan qəlbinin ən dərin guşələrində gizlənmiş, munis və zərif duyğuları həssaslıqla duyan Cavid, hər şeydən əvvəl, sənətkardır və sənətkar Cavidin öyrənilməsinə, araşdırılmasına olan ehtiyac getdikcə daha artıq əhəmiyyət kəsb etməkdədir”.
Hər bir xalqın ruhunun təcəssümü – təzahürü olan ədəbiyyat yalnız mənsub olduğu millətin həyatından yazdığı məqamda milli deyildir. Xalqı ictimai bir varlıq kimi özünə tanıtdıran, xalq ruhunun təcəssümü – təzahürü olan, millətin mənəvi zənginlik və əzəmətini əks etdirən bir ədəbiyyat, sözün əsl mənasında, milli və xəlqi ola bilər”…
Məsud Əlioğlu bir ədəbiyyatşünas-mütəfəkkir olaraq klassik ədəbiyyatı tədqiq (və təhlil) edərkən onun qarşısında həmin ədəbiyyatın bütün ideoloji, estetik paradoksları ilə dayanan sonuncu dövrü də vardı: sovet sosialist klassikası… Onun ən möhtəşəm nümayəndəsi isə, heç şübhəsiz, Cəfər Cabbarlı idi…
Cəfər Cabbarlının romantikasını müfəssəl tədqiq edən tənqidçi-ədəbiyyatşünas belə bir doğru qənaətə gəlir ki, “C.Cabbarlı romantizmini şərtləndirən əsas amillərdən biri təbiətcə romantik insanların ziddiyyətli, mürəkkəb, faciə və məhrumiyyət dolu həyatlarının təsvirindən ibarətdir”. Cəfər Cabbarlı yaradıcılığının sovet dövründən bəhs edərkən Məsud Əlioğlu xatırladır ki, bu dövrdə “Cabbarlını daha çox maraqlandıran ədəbiyyatda realizmin qüvvətlənməsi ilə canlanan mütərəqqi mündəricədir”.
Azərbaycan sovet poeziyasının ideoloji konyunkturlarına nə qədər uyğunlaşmağa çalışsalar da, yaradıcılıq imkanlarının hüdudları etibarilə daha geniş miqyas sahibləri vardı: Səməd Vurğun, Rəsul Rza… Və Əliağa Vahid…
Məsud Əlioğlu yazır:
“Səməd Vurğunun poetik irsi, yaradıcılıq ideyaları və sənət aləmində açdığı yol xüsusunda müəyyən tədqiqat işi aparılmış və xeyli yazılmışdır. Bununla belə, Səməd Vurğun elə bir sənətkardır ki, ondan nə qədər danışılsa, əsərləri nə qədər təhlil edilsə, bugünkü ədəbiyyatımız ondan bir o qədər faydalanar”.
Məsud Əlioğlu “İnqilabi pafosu, siyasi kəskinliyi və xəlqiliyi ilə seçilən” Rəsul Rza poeziyasına həsr etdiyi kitabında şairin yaradıcılıq yolunu dərindən araşdırmış, onun ideya-bədii axtarışlarının novator mahiyyətini təqdir edən ilk tədqiqatçılardan olmuşdur.
Nizamidən, Füzulidən, Vaqifdən, Mirzə Cəlildən, Sabirdən, Hadidən, Hüseyn Caviddən… yazan Məsud Əlioğlu Azərbaycan “sovet ədəbiyyatı”nın klassikləri barədə də eyni məhəbbətlə yazdı. Və səhv eləmədi… Birincisi, onun ədəbiyyatşünas-mütəfəkkir düşüncəsində Azərbaycan ədəbiyyatı hər hansı sosial-iqtisadi uklad məhdudiyyətinin fövqündə dayanırdı; ikincisi, təqdir etdiyi əsərlər (və onların müəllifləri) ədəbi siqlətinə görə, həqiqətən, təqdirəlayiq idilər; üçüncüsü isə, bu, öz həqiqətini hansısa konyunktura görə heç kimlə bölüşməyən bir söz sahibinin mövqeyi idi.
Məsud Əlioğlu ən gözəl məqalələrindən birini haqqında ciddi ədəbi-elmi məclislərdə deyil, adətən, “kuluarlar”da danışmağa üstünlük verilən Əliağa Vahidə həsr etmişdi…
“Ə.Vahid şeiri poeziyamızın inkişafı tarixində xüsusi bir cığırdır, ayrıca məktəbdir. Bu məktəbin yaradıcısı da, davamçısı da şairin özüdür. Bədii sözün və obrazlı təfəkkürün əlvanlıq və dəqiqliyindən, üsul və imkanlarından məharətlə faydalanan şair bizə təravəti solmayan qiymətli bir mirası yadigar vermişdir. Bu dəyərli xəzinəni göz bəbəyi kimi qoruyub saxlamaq, böyük qayğı və həssaslıqla mühafizə etmək azdır. Əsas vəzifə Ə.Vahid poeziyasının sirrini açmaq, onu şərh etmək və şairi layiq olduğu dərəcədə oxuculara tanıtdırmaqdır. Ə.Vahid gələcəkli sənətkardır”.
Müasirləri Məsud Əlioğlunun mükəmməl, güclü, nüfuzedici şəxsiyyətindən danışırlar. Tənqidçi-ədəbiyyatşünas Yəhya Seyidov deyir:
“Çox duzlu, mənalı yumorla yoğrulmuş bir nitqi vardı, danışa-danışa öz hisslərini dinləyicilərə aşılamağı, onları da özü ilə bərabər gülməyə, ya kədərlənməyə məcbur etməyi bacarırdı.
…Əsas kitablarını hələ yazmamışdı, çap etdirdiklərinə ciddi hazırlıq kimi baxırdı. Ancaq elə qələmindən çıxanlar da Məsud Əlioğluya Azərbaycan sovet ədəbiyyatşünaslığı və tənqidi tarixində görkəmli xidmətləri olan bir şəxsiyyət mövqeyi qazandırmışdır”.
Şair-ədəbiyyatşünas Qasım Qasımzadə Məsud Əlioğlunun tənqidçi-ədəbiyyatşünas şəxsiyyətində üç keyfiyyətin üzvi vəhdətdə olduğunu göstərib yazırdı:
“Biz onun simasında ədəbiyyatımızın təkrarolunmaz istedada, temperamentə, orijinal xarakterə malik vətənpərvər mücahidini tanıyırdıq”.
Mütəfəkkir ədəbiyyatşünas (və ədəbi təfəkkür mücahidi!) az yaşasa da, Azərbaycan ədəbiyyatının ideya-estetik mahiyyətini dərk etmək üçün elə metodoloji əsaslar (və ruh!) yarada bildi ki, nəticə etibarilə, ümumən yeni (və milli) tənqidçi-ədəbiyyatşünas obrazının formalaşmasına əhəmiyyətli təsir göstərdi. Və bu təsirin uzunömürlülüyünə heç bir şübhə yoxdur…
Nizami CƏFƏROV,
Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü.
Mənbə: http://respublica-news.az