Tanınmış şair-publisist Əkbər Qoşalının 12 illik fasilədən sonra yeni şeirlər kitabı gün üzü görüb. “Ürək daşı” adlanan kitab, “Zirvə Tədris Mərkəzi”nin yeni başladığı, gənc şair İntiqam Yaşarın layihə rəhbəri olduğu “ZirvəKitab yayınları”nın ilk nəşridir.
“Ürək daşı”nın redaktoru, AMEA NİZAMİ ad. Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr. Almaz Ülvi, önsöz yazarı Əli Kərim ad. Poeziya Klubun direktoru, görkəmli şair İbrahim İlyaslı, rəssamı isə Güneyli tanınmış rəssam Atabəy Tikantəpəlidir.
1000 tirajla çıxan kitab (ISBN 978-9952-8356-0-1) “Sərbəstin meydanı”, “Aldı, görək, nə dedi..?”, “Səsləşmələr”, “Əsgərə, Turala, Ayxana”, “Uzun sözün qısası”, “İlk qələm örnəkləri” adlı 6 bölmədən ibarətdir.
Qeyd edək ki, “ZirvəKitab”ın ilk yayını olan “Ürək daşı”nın “Zirvə Tədris Mərkəzi”nin təşkilatçılığı ilə 2019-cu il fevralın 9-da (saat 15.00-17.00) millət vəkilləri, yazıçı, şair, sənətçi, QHT, KİV təmsilçiləri və gənc fəalların iştirakı ilə ilk “İmza günü” keçiriləcək (Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun(GYF) H.Z.Tağıyev adına Böyük Konfrans Salonu, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi-16).
Təşkilatçılar arzu edən, vaxtı olan bütün oxucuları “İmza günü”nə dəvət edir.