Şah İsmayıl Əbülmüzəffər oğlu Şeyx Heydər oğlu Şeyx Cüneyd Səfəvi (d. 23 iyun 1487, Ərdəbil – ö. 23 may 1524, Ərdəbil) və ya I İsmayıl Səfəvi (ingiliscə: Shah Ismail I) – Azərbaycanın və İranın görkəmli dövlət xadimi, Səfəvilər Dövlətinin banisi və Xətai ləğəbi altında yazan tanınmış Azərbaycan şairi. Müasir Azərbaycanın milli dövlətçilik ənənələri məhz Azərbaycan dilini tarixdə ilk dəfə yeganə rəsmi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıldan başlanır.
Həyatı
Şah İsmayıl Xətai 1487-ci il iyun 23-də Ərdəbil şəhərində kökü tarixin çox-çox uzaq çağlarına gedib çıxan nüfuzlu Azərbaycanlı zadəgan (bəzi ədəbiyyatlarda səhvən kürd mənşəli kimidə göstərilir)türk[1][2] ailəsində anadan olmuşdur. O, ata tərəfdən Şeyx Səfiəddinin nəslindən idi. Şah İsmayılın atası Şeyx Heydər, babası Şeyx Cüneyd olmuşdu. Şah İsmayıl ana tərəfdən də dövrünün hakim və köklü bir ailəsinə mənsub idi. Onun anası Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yəqubun bacısı idi.
Şeyx Heydər döyüşlərin birində xəyanətlə öldürüldükdən sonra (1488), İsmayıl anası və qardaşları – Sultanəli və İbrahim ilə birlikdə İstəxrdə (Şiraz) həbsdə saxlanılır. Onda İsmayılın hələ iki yaşı tamam olmamışdı. Bir müddətdən sonra Rüstəm Mirzə qardaşlardan istifadə etmək məqsədilə onları həbsdən azad edir. Lakin döyüş zamanı İsmayılın böyük qardaşı Sultan Əlinin və «qızılbaşlar»ın necə şücaət göstərdiyini görüb qorxuya düşür, özünü və sülaləsini gələcək təhlükələrdən qurtarmaq üçün Şeyx Cüneyd nəslinə son qoymaq qərarına gəlir. O, Şeyx Sultanəlinin üzərinə qoşun göndərib onu öldürtdürür. Ölümündən öncə Şeyx Sultanəli İsmayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərdi. «Qızılbaşlar» İsmayılın axtarıldığını görüb onu bir müddət Ərdəbildə daha sonra Rəştdə gizlədirlər.
Sonra onu Lahicana, Gilan hakimi Mirzə Əlinin sarayına gətirirlər. Gilana gələndə İsmayıl yeddi yaşında olur. Burada o, Həsən xanın himayəsi altında Lələ Hüseyn tərəfindən tərbiyə olunur. İsmayıl təqribən 6 il burada qalaraq, tanınmış əmir və alimlərin rəhbərliyi altında özünün dini, dünyəvi və hərbi təlimlərini davam etdirir.
13 yaşında İsmayıl artıq müstəqil şəkildə siyasi və fəaliyyətə başlayır. 1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın tərbiyəçisi və məsləhətçisi olan bir neçə qızılbaş tayfa başçısı ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollandı. O, 1500-cü ilin yazında Şamlı və Rumlu tayfalarından, habelə Qaradağ və Talış əhalisindən ona qoşulmuş 2 minə yaxın qızılbaşla Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tircan yolu ilə Ərzincana gəldi. Burada qızılbaş tayfalarından, habelə Qaradağ sufilərindən təqribən 7 min tərəfdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi və Şirvanşah qoşunlarını məğlubiyyətə uğratdı. Döyüşdə Şirvanşah Fərrux Yasar öldürüldü. 1501-ci ilin payızında Təbrizə daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Təbriz olan Azərbaycan Səfəvilər dövlətinin əsası qoyuldu.
I Şah İsmayılın tabe olmaq təklifini rədd edən Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-də Həmədan yaxınlığında döyüş də qızılbaşların qələbəsi ilə nəticələndi. Sonrakı illərdə Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-ərəbi Səfəvilər dövlətinə qatdı.Onun dövründə Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətlərindən birinə çevrldi. 1514-cü ildə sultan I Səlimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ilə Çaldıran düzündə baş vermiş döyüşdə qızılbaşlar məğlubiyyətə uğradılar.
Sonrakı illərdə Şah İsmayıl Şəki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Səfəvilərdən asılı vəziyyətə saldı. O, Şəkiyə növbəti səfərdən Ərdəbilə qayıdarkən vəfat etdi. Yerinə oğlu I Təhmasib keçdi.
Onun ölümü ilə bağlı qaynaqlarda belə bir qeyd vardır ki, Şah İsmayıl ölümündən bir qədər əvvəl ova çıxır. Şahdağda öz adamları ilə cərgə ovu təşkil edir. Ov şənliyi qurtarar-qurtarmaz o, ağır şəkildə xəstələnir və dərhal Ərdəbilə qayıdır. Burada da onun halı yaxşılaşmır. Tələsik Təbrizə yola düşürlər. Yolda Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər ağırlaşır ki, düşərgə salmalı olurlar. Həkimlərin müalicəsi bir fayda vermir. Hökmdar şair 1524-cü ildə mayın 23-də vəfat edir. Cəsədini Ərdəbilə gətirib Şeyx Səfi türbəsinin yanında dəfn edirlər.
Şah İsmayıl Xətai 38 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar bir çağında dünyadan köçür, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Şah İsmayılın yüksək hərbi istedadı haqqında K. Marks yazmışdır: «Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmi
Şah İsmayıl şəxsiyyəti, tarixdəki yeri
Şah İsmayıl çox nadir dühaya malik bir şəxsiyyət olub. O, hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan nəinki öz ölkəsinin əhalisi və alimləri, hətta qonşu ölkələrin alimləri də istifadə edirdilər. Bütün müsbət keyfiyyətlər bu böyük şəxsiyyətdə toplanmışdı. Şah İsmayıl bütün bunlarla yanaşı gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şer yazmağa başlamışdı. Şerlərini elə aydın və nəsihətamiz tərzdə yazırdı ki, onu oxuyan hər bir kəs, hətta əhalinin ən savadsız təbəqəsi belə bu şerləri oxuduqda nəsə öyrənir, özü üçün nəticə çıxarırdı.
Şah İsmayıl dinə bağlı bir insan idi. Lakin bu xüsusiyyət ona reallığı olduğu kimi qəbul etməyə mane olmurdu. Şah İsmayıl heç vaxt tamahkar olmamış, nəfsi ucundan səhvlərə yol verməmişdi və şəxsiyyətini, ləyaqətini hər şeydən uca tutmuşdu. O, insanlığa, gözəlliyə böyük qiymət verir və hər şeydə gözəllik axtarmağa çalışırdı. Şah İsmayıl az həyat sürməsinə baxmayaraq yalnız xeyirxah işlər görməyə can atmış, şərdən, pis əməllərdən uzaq bir insan olmuşdu.
Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi.
Şah İsmayıl həmişə xalqının rifahı üçün çalışıb, qurduğu qüdrətli dövlətin daim çiçəklənməsi üçün əlindən gələni əsirgəməyib. Daima xalqın arasında olub və xalqının dərd-sərinə şərik olub. Hətta rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.
O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar.
Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.
Şah İsmayılın apardığı müharibələr onun vahid Azərbaycan dövləti yaratmaq arzu və istəyindən irəli gəlirdi. O, Azərbaycan dilini dövlət və şer dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün ölçüyəgəlməz dərəcədə bölük işlər görmüşdür.
Həyatının ilk anlarından daima təhlükə də olmuşdur. Hələ altı yaşı olanda müridlər tərəfindən qaçırılmasaydı öldürüləcəkdi. Lahicanda olduğu müddətdə də daim onu təhlükə gözləyirdi, altı il gizlin yaşadı. On iki yaşında Talış Məhəmməd bəyin əlindən çətinliklə də olsa qaça bildi.
Ələ keçməməklə özünə yandaş toplayabilmək üçün minlərcə kilometr yol qət etmişdir, ayrı-ayrı iqlimlərə, huyunu-suyunu bilmədiyi tayfalar arasına girir, qarşılaşdığı hər kəsi inandırıb yanına la bilirdi. Anadoludan da minlərcə, on minlərcə insan ayaqyalın bu gənc adam üçün yollara düşürdü. Bu yollara düşməkdə türk inancından əlavə uşaq Şahın kimliyi böyük rol oynamışdır. Osmanlıda axtardığını tapmayan Anadolu xalqı, xüsusilə Ərzican, Sivas (Ustaclı eli), Karaman Türkmənləri şaha doğru yola çıxdılar. Bu gediş illərcə davam etdikcə Sultan Yavuza verilen bir dilekçedə “Budur bir zaman gəldi ki, Rum ölkəsinin xalqının çoxu Ərdəbilli olub kafirə döndü.” deyiləcəkdi.
Xoca Sadeddin, bu köçü Ol taifenin kalanı dahi terk-i diyar etmek istediler. Ölüsü, dirisine yüklenip cümlesi çıkup gitmek istediler. deyə izzah edir.
Şübhəsiz bu gedişi, Anadoluda kimsəsiz qalan türkün orada önəm və təhlükəsizlik qazanma istəyinə bağlayanlar da vardır. Ömründe ve diyarında kendüye adem dinmeyen bikarlar tuman (tümen) beyleri olup hadden ziyade itibar buldular. İşiten çıktı gitti. Yerinden ayrılup yurdunu terk idüp çiftin çubuğun dağıttı.
Osmanlı və Dulkadrlı maneləri bu yürüşü dayandıra bilmirdi. Həcc yerinə Ərdəbili ziyarət edənlər, Biz diriye varırız, ölüye değil.” deyirlərdi. Bu fikri Aşıq Paşazadə, bir söylənti kimi axtarır.
Sözssüz ki, bu hissə-hissə axının sonunda duran şəxs elə-belə, sıravi bir şəxs deyildi. Öz dövrünə görə mükəmməl təhsil görmüş birisi idi. Bu yaşda ən qanlı boğuşmaların içinə girib çıxmışdır. Çox gözəl bir döyüşçü və ovçüdur. 1500-ci ildə Tercan-Sarıqayasında bir mağarada yaşayan ve insanlara hücum edən ayını oxla vurub öldürə biləcək qədər qüvvətli və cəsarətlidir.
Azərbaycanda Xətai irsinin öyrənilməsi sovet hakimiyyəti illərindən başlanmışdır. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimlərindən S. Mümtaz, H. Araslı, M. Quluzadə, Ə. Məmmədov, O. Əfəndiyev, M. Abbaslı kimi mütəxəssislərin bu yöndə apardıqları araşdırmalar və yürütdükləri mülahizələr xüsusilə diqqəti cəlb edir.