İnciyir

İşə düzəldə bilmirəm,
dost-tanış məndən inciyir.
Dünən gəlib salam verən
gen gedir, gendən… inciyir.

Utanıram həyalıdan,
dili-ağzı dualıdan.
Ziyalısı – ziyalıdan,
dindarı dindən inciyir.

Özüm zəng vurub deyirəm,
bəzən qaralar geyirəm.
Mən məmurdan inciyirəm,
o da vətəndən inciyir.

Yaşat məni

Təkəm,
evdə qoyub getmə –
ruhlarla baş-başa məni.
Gəlib yenə salacaqlar
dağa məni, daşa məni.

Gah gözüm yuxusuz qalır,
gah dodağım susuz qalır.
Gah İskəndər xəbər alır,
gah da Nuru Paşa məni.

Bu dünya mənə yad deyil,
həyatım bir həyat deyil,
bir ömür, bir saat deyil,
yaşat məni, yaşa məni…

Qazax süfrəsi

Qazaxdan gəlibdi, Daşsalahlıdan,
bacım töhfəsini göndərib mənə.
Novruz bayramında mən olmamışam,
onun əvəzini göndərib mənə.

İlhamın, Həsrətin yurdu, beşiyi,
bir qadın bəzəyib evi-eşiyi.
Həyətdə-bacada əli üşüyüb,
isti nəfəsini göndərib mənə.

Lay-lay düzüb, yerin qatı burdadı,
təndir orda sönüb, odu burdadı.
Ağzımızın itən dadı burdadı,
seçib, siftəsini göndərib mənə.

Nə deyim, bu, bəlkə şirin yuxuydu,
heç kəsin payında gözüm yoxuydu.
Kəhrəba heyvanı, sulu armudu, –
nübar meyvəsini göndərib mənə.

Anam yada düşdü, anam hardadı?
Sızlayır, bilmirəm yaram hardadı.
Mənə layla çalın, laylam hardadı? –
“Can!” – deyən səsini göndərib mənə.

Göndərdiyi nə almazdı, nə zərdi,
şair görsə, geyindirib-bəzərdi.
Bir nemət də süfrədə şah əsərdi,
Qazax süfrəsini göndərib mənə.

2019

Bu gündən sonra

Sənə istəyirəm “qardaşım” deyim,
kişi qeyrətini, görəndən sonra.
Mən bu səxavəti, bu sədaqəti
nə əvvəl görmüşəm, nə səndən sonra.

Erkəklər yanında dişi bəbirsən,
bir fağır börəndə üstə əsirsən.
Yer qızı olsan da, ilahi sirsən,
yüz il keçsə belə bu gündən sonra.

Sənə ürək verib ulu Yaradan,
səni nəğmə kimi mənəm oxuyan.
Mənə bir can deyən, ya canıyanan
bir də gəlməyəcək özündən sonra.

19.02.2019

Danışırdı

Bir qızıl gül gətirmişdi,
gül dilində danışırdı.
Tellər yana tökülmüşdü,
tel dilində danışırdı.

O bağ gözəl, bağat gözəl,
bağ içində həyat gözəl.
ləhcə şirin, ovqat gözəl,
el dilində danışırdı.

Tanrım onun bağbanıydı,
xəstə canın loğmanıydı,
Duyğuların tüğyanıydı,
sel dilində danışırdı.

Ovsunuydu, səsin, dərdiş,
sənə göz dəyməsin, dərdiş,
Nəriman neyləsin, dərdiş,
qul dilində danışırdı.

07.09.2018

Neyləsin

Dünya köhnə yurd yeridi
qoca, ya cavan neyləsin?
Gələn qalmır, gedən dönmür,
həkim, ya loğman neyləsin.

Hakimin hökmü oxunur,
yerdə məhkuma toxunur.
Budağa bülbül də qonur,
bayquş da,
bağban neyləsin?

Üşüdübsən, üşümüşəm,
qırılıbdı könül şüşəm.
Yanında daşa dönmüşəm,
buna, Nəriman neyləsin?

Mənbə: http://edebiyyatqazeti.az