***
Səssiz bir sükutla bağırır gecə,
Saat əqrəbləri çalır ömrümü.
Çiy palçıq zənn edir məni bu dünya,
Gündə bir qəlibə salır ömrümü.
Alır verdiyini gözüm doymamış,
Bükür göy əskiyə bəyaz günümü.
Bəzən də aldadır saf uşaq kimi,
Ovcunun içinə alır ömrümü.
***
Allah,
sevməyi bilməyənlərin
əlinə bıçaq vermə.
sonra necə gəldi vururlar
kürəyindən adamı.
***
Eşidin, ey insanlar,
Şumlanmış ürəklərə
Sevgi toxumu əkin!
Əgər bacarmırsınız,
Bir sevgi böyütməyi
Ürəklərdən əl çəkin!
Duzlu göz yaşlarından
Parlaq sevgi cücərməz,
Köçəri quş sevgilər,
Uçdusa geri dönməz…
Eşidin, ey insanlar,
Siz ürək ovlamayin,
Sizinçün bir kabablıq
Ət deyilki ürəklər,
İnsan ömrü qısadır,
Qəm çəkməyə gün yetməz…
Eşidin, ey insanlar,
Əgər eşitmirsinizsə,
O zaman dinməyin də,
Barı sizi lal sansın
Cövhəri saf ürəklər…