Vaxtıdı
Budu gəldi bahar fəsli,
Dağların lala vaxtıdı.
Açılıbdı qızıl güllər,
Bülbülün bala vaxtıdı.
Bülbüllər dolandı bağı,
Bir xəlvət eylə otağı.
Sənə qurban olum saqi,
Mey ver, piyalə vaxtıdı.
Mən Abbasam, boyu bəstə,
Dərdindən olmuşam xəstə.
Al başımı dizin üstə,
Çal yataq, layla vaxtıdı.
Könlüm
Nə ağlarsan, nə sızlarsan,
Bir dərdi beş olan könlüm!
Axırda zünnar bağlarsan,
Qəmə yoldaş olan könlüm!
Bir yar gəlir obasından,
Alım dərdü-bəlasından,
Çərxi-fələk badasından
İçib sərxoş olan könlüm!
Abbas ağlar arsız-arsız,
Dünya olub etibarsız,
Deyirdin dözərəm yarsız,
Döz, bağrı daş olan könlüm?
Yada sal məni
Başma döndüyüm, alagöz Pəri,
Gahdan ağla, gahdan yada sal məni.
Qara bağrım şan-şan oldu, dəlindi,
Gahdan ağla, gahdan yada sal məni.
Bağban idim, bağım təğayir oldu,
Gözüm gördü, ağlım təğayir oldu,
Xoryat əli dəydi, təğayir oldu,
Gahdan ağla, gahdan yada sal məni.
Mən sənə can dedim, sən də mənə can,
Alış eşq oduna, mənim kimi yan,
Adım Aşıq Abbas, yerim Tufarqan,
Gahdan ağla, gahdan yada sal məni.