Lalədən biçəndə donunu dağlar,
Yadıma uşaqlıq illərim gəlir.
İşıqlı, günəşli, əlvan bir bahar,
Gözəl obalarım, ellərim gəlir.
Min nəğmə səsləyir elə bil mənə,
Anır məhəbbətlə min könül məni.
Yadımda yurdumun çölü, çəməni,
Zümrüd çeşmələrim, göllərim gəlir.
Tez yatan çovğunlar, ötən boranlar,
Gəzib dolaştığım dağlar, aranlar.
Şehli çəmənlərdə qaçdığım anlar
Yadıma islanan tellərim gəlir.
Əziz uşaqlığın uzaq illəri,
Qar altdan dərdiyim novruz gülləri,
Yadıma baharın ilıq yelləri,
Nəğmələr oxuyan dillərim gəlir.