em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

ALLAH GÖNDƏRİB

Götürüb getmisən sən ürəyimi,
Qaytar qoy yerinə, yaşaya bilim,
Mən necə unudum gül-çiçəyimi,
Gülüm ya qayıt gəl, ya çağır gəlim.

Hamıdan gözəlsən, sular sonası,
Vallah gözəlliyin ölçüyə gəlmir,
Eşqimin, sözümün nuru, aynası,
Bu sirri heç fələk özü də bilmir.

Ağlımı almısan başımdan inan,
Yoxdu bu dünyada sənin tək pəri,
Mən səni sevmişəm gördüyüm andan,
Nolar insafa gəl, qayıt, dön geri.

Necə vəsf eyləyim gözəlliyini,
Qaşın ayparadı, dodağın püstə,
Güllər səndən alır o xoş iyini,
Nazın da gözəldi, ay boyu bəstə,

Həsrətin odunda yandırma məni,
Sənsiz bu dünyada qəribəm, qərib.
Unuda bilərmi heç Əziz səni,
Səni mənim üçün Allah göndərib.

GÜLÜM

Qəlbimin, könlümün arzu, istəyi,
Dilimin əzbəri, sözüsən, gülüm,
Bağçamın qönçəsi, gülü, çiçəyi,
İlham çeşməsinin gözüsən, gülüm,

Gözəllər gözəli sənsən dünyada,
Sən varsan bilmərəm nə dərd, nə qada,
Səninlə çatmışam şöhrətə, ada,
Ömrümün baharı, yazısan, gülüm,

Gülüşün bal, şəkər, baxışın aləm,
Sən olan könüldə nə qüssə, nə qəm,
Səndən özgəsinə baxan deyiləm,
Sən ayın, günəşin özüsən, gülüm.